Alim hiddətləndi: “Niyə restorana Natəvanın yox, Kloepatranın adı verilir ?! – Olmaz !

“Belə hallara qarşı ciddi mübarizə aparmaq lazımdır”

“Bununla bağlı ziyalılarımızın Eldar Əzizova mürcaiəyini alqışlayır və təşəbbüslərini təqdir edirəm” 



Azərbaycanın 800-ə yaxın ziyalısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova müraciət ünvanlayıb. Müraciətin mövzusu ölkədə ana dilinin tələblərinin kobud şəkildə pozulmasıdır. Millət vəkili, akademik, həmçinin 30-u professor olmaqla 100-dən çox alim, yazıçı, müəllim bildiriblər ki, müxtəlif ictimai iaşə obyektlərinin adlarına, plakat və digər lövhələrdə ana dilinin normalarna əməl edilmir. 

Bu təşəbbüsü “Sherg.az”a qiymətləndirən dilçi-alim Adil Babayevin fikrincə, müraciət tam yerinə düşür: 

“Azərbaycan Respublikasının sabiq prezidenti, Ümumilli lider Heydər Əliyev hələ 2001-ci il, iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Həmin sənəddə göstərilir ki, şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir.

Amma üzərindən 19 il keçməsinə rəğmən, heç kim, o cümlədən də sahibkarlar bu Fərmanın tələblərinə əməl etmirlər. Hətta dilin saflığının qorunması məqsədilə növbəti illərdə qəbul edilən sərəncam və fərmanlar da bir sıra hallarda unudulur. Bununla barışmaq olmaz.

Mütəfəkkirlərin, o cümlədən Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, dil hər bir xalqın varlığını göstərən əsas atributdur. Dili unutmaq tarixi unutmaq deməkdir. Niyə hansısa restoranın adına Xurşudbanu Natəvanın, Məhsəti Gəncəvinin yox, Kloepatranın adı verilməlidir?! Olmaz. Belə hallara qarşı ciddi mübarizə aparmaq lazımdır. Odur ki, həmin ziyalılarımızı alqışlayır və təşəbbüslərini təqdir edirəm”.