“Azərbaycan polisinin belə ucuz şouya ehtiyacı yoxdur”

"Sosial şəbəkələrdə Yasamal rayonunda polisə gül atıb, mahnı oxuyanların videosu yayılıb. Video-çarxın qurama, iştirakçıların isə öyrədilmiş olduğunu bilmək olurdu. Lakin istənilən halda  musiqi və görüntü adamda vətənpərvərlik hissləri oyadır". 

Bu sözləri “Sherg.az”a millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehdiyev  deyib. 

Həmin görüntülərdən sonra minlərlə insan  hissə qapılıb tərif yağdırdığını vurğulayan E. Mehdiyev  ümumi görüntü xoşuna gəlsə də, bununla bağlı heç bir şərh yazmayıb. Amma  bir qrup insanlar  həmin ifaçıları ifşa edib şəxslərinə qarşı təhqirlər edirlər. Bu düzgün deyil: 

"İfaçılara heç kim zorla "get oxu" deməyib. Bu təşəbbüs özlərindən irəli gəlib. İdeyanın təşəbbüskarlarından biri, bir çox muğam festivallarının qalibi Gülzar Fərəcova açıqlamasında qeyd edib ki, orda ifa edənlərin ailəsində polis işçiləri çoxdur. Sözügedən görüntülər klip çəklişindəndir və həmin ərazini seçməklərinin səbəbi də qarşıdan Azərbaycan polisinin peşə bayramı ilə əlaqədardır. 

Demokratik dəyərlərdən danışırıq. Hər bir insan fərqli düşüncəyə sahib ola bilər. Biri üçün polis peşəsi şərəfli, biri üçün isə qəddarlıq kimi sayıla bilər. Amma unutmayaq ki, bu peşə işçilərinin sayəsində bu gün küçələrə sərbəst çıxa, evimizdə rahat yata bilirik.

Onlar bizim təhlükəsizliyimizi qoruyurlar. Onlar koronavirusla mübarizədə ön cəbhədə həkimlər qədər məsuliyyət daşıyır və özlərini təhlükəyə atırlar. Bəli, hətta 57 dəfə it, pişik, meymun haqları üçün zəng edən vətəndaşlara qarşı belə təmkinlə davranırlar. 

Axı biz niyə təhqir edənləri qəhrəman, tərif edənləri satqın kimi təbliğ edirik? Niyə polisə zibil atanları qəhrəman, gül atanları satqın hesab edirik? Demokratiya budur? Razıyam, bütün sahələrdə olduğu kimi polis peşəsində də işini düzgün icra etməyənlər və zorakılığa meyilli olanlar var. Amma bu o demək deyil ki, biz bunu bütün peşəyə şamil edə bilərik. Azərbaycan polisinin belə ucuz şouya ehtiyacı yoxdur".