Ekspert: “Yalnız cərimələr barədə düşünmək düzgün deyil” – Yardım da olmalıdır! 

Karantin qaydalarının pozulması ilə bağlı Milli Məclisdə aparılan müzakirələr cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir neçə deputat, o cümlədən Elman Nəsirov, Fəzail Ağamalı cərimələrin məbləğinin artırılmasını təklif ediblər. Parlamentin komitə sədri Səyavuş Novruzov isə deyib ki, koronavirusa inanmayanlar da cərimələnməlidirlər.

Amma yardımların artırılması haqqında heç kim, heç nə demir. Bu isə əhali arasında narazılığa səbəb olub. 



 İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, hazırlanmış proqramı daha təkmil etmək olardı: 

“Atılan addımlardakı qüsurlar indi üzə çıxır. Aprel və may aylarında karantin hökm sürən bölgələrdə yaşayanlara 190 manat yardım edilməklə yanaşı, həm də müəyyən mənada sahibkarlığa, biznesə yardım göstərildi. İndi iyunu yola salırıq və pandemiya hələ  davam edir. Əfsuslar olsun ki, bu dəfə ancaq 190 manat yardım göstərildi. Kiçik və orta sahibkarlığa, biznesə dəstək isə heç kimin yadına düşmədi. Əslində problem bununla da bitmir. Əvvəla, 190 manat yetərli məbləğ deyil. İkinci bir tərəfdən isə yüzlərlə elə adam var ki, Bakıda yaşadığı halda rayon qeydiyyatlıdırlar. Ona görə də yardımdan məhrumdur. Bu problem və qərarlardakı gecikmələr insanlarda ciddi xəyal qırıqlığı yaratdı. Belə bir şəraitdə ancaq cərimələr barədə düşünmək düzgün deyil”.