“Kiber cinayətkarlıqla bağlı sənəd hökumətə təklif olunub” - Rəqəmsallaşma stimullaşdırılır

“Rəqəmsallaşdırmada risklər, kiber hücumlar, yəni təhlükəsizlik məsələsi realdır”

“İqtisadiyyat, elm, mədəniyyət və başqa sahələr virtual mühitə inteqrasiya olunursa, burada təhdidlər və risklər də gündəmə gəlir”



“Kiber hücum riskinə görə, bütün sahələrdə gedən rəqəmsallaşdırmanın tempini aşağı salmaq doğru yanaşma deyil”.
Bunu “Sherg.az”a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 
Mütəxəssis bildirib ki, onsuz da real və oflayn həyatda da təhlükələr, risklər, cinayətlər yetərincədir: 

“Son dövrlərdə koronavirus pandemiyası və karantin rejimləri bütün dünyada, o cümlədən Azərbaycanda rəqəmsallaşdırmanı, elektronlaşdırmanı stimullaşdırdı və zəruri olduğunu ortaya çıxartdı. Dövlət başçısı son günlər bir neçə çıxışında Azərbaycanda rəqəmsallaşdırmanın prioritet olmasını xüsusilə vurğuladı. Güman edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər canlanacaq. Əlbəttə, rəqəmsal mühitin öz qayda-qanunları var.

Rəqəmsallaşdırmada risklər, kiber hücumlar, yəni təhlükəsizlik məsələsi realdır.

İqtisadiyyat, elm, mədəniyyət və başqa sahələr getdikcə daha çox rəqəmsallaşırsa, internet və virtual mühitə inteqrasiya olunursa, burada təhdidlər və risklər də gündəmə gəlir. O baxımdan hökumətin ayrıca qurumları kiber cinayətkarlığın qarşısını almaq, informasiya təhlükəsizliyini qorumaq üçün ciddi iş aparmalıdır”. 

O.Gündüzün sözlərinə görə, resursların, şəbəkələrin, dövlətin və insanların fərdi məlumatlarının qorunması çox mühümdür: 

“Risklər həmişə olub və bundan sonra da olacaq. Sadəcə əvvəlcədən müəyyənləşməli və preventiv tədbirlər görülməlidir. O cümlədən maarifçilik işləri aparılmalı, kadr hazırlanmalı, xaricdən dəvət olunan mütəxəssislər kadrların yetişməsində iştirak etməlidirlər. Bizim rəqəmsal həllərimiz olmalıdır və müxtəlif sahələrdə onlardan istifadə etməliyik. İnformasiya təhlükəsizliyi və kiber cinayətkarlığın qarşısını almaq üçün bir sənəd hazırlanırdı. Eşitdiyimə görə, artıq hökumətə təklif olunub”.