Aparıcı ölkələrin təcrübəsini izləyəcəyik

Postpandemiya dövründə turizmlə bağlı işi daha düzgün görmək lazımdır

İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Dövlət başçısı vurğulayıb ki, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Prezident bəyan edib ki, biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik: “Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq”.

Ölkə rəhbəri bildirib ki, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu: “Keçən il rekord göstərici qeydə alınıb. 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Odur ki, mühüm məsələlər barədə danışmaq təşəbbüsünə görə sizə təşəkkür edirəm. Sizi yenidən görməyimə şadam”. 

Prezident qeyd edib ki, dövlət pandemiya dövründə də turizmə dəstək verib:

“Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin”. Dövlət başçısı vurğulayıb ki, postpandemiya dövründə işi daha düzgün görmək lazımdır: “Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd, bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik”. Prezident pandemiya dövründə daxili turizmə böyük diqqət yetirildiyini söyləyib: “Daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik”.

Videokonfransla bağlı “Sherg.az”a danışan millət vəkili Eldəniz Səlimov deyib ki, Azərbaycanda turizm sektoru böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bunu son illərdə ölkəmizə axın edən turist sayından da görmək mümkündür:

“Əvvəllər Azərbaycandan xaricə, xüsusilə, qardaş Türkiyə və qonşu Gürcüstana böyük turist axını var idisə, son bir neçə ildə bunun əksi yaşanır. Vətəndaşlarımız Azərbaycanda qalıb istirahət etməyə, daxili turizmdən yararlanmağa üstünlük verirlər. Həm də xarici ölkələrdən olan turistlər cəzbedici ölkə kimi Azərbaycana axın etməkdə idilər. Təəssüflər olsun ki, son 4-5 ay ərzində dünyada yaşanan ağır pandemiya şəraiti bütün sahələrə mənfi təsir göstərdi. Turzim sektoru da çətinliklərlə üzləşdi, geriləmə, durğunluq yaşandı. Əlbəttə, dövlətimizin qətiyyətli addımları nəticəsində bu sektorda yaranmış cətin vəziyyət yaxın zamanlarda aradan qaldırılacaq. Qoyulan şərtlərə və tələblərə nə qədər düzgün əməl etsək, həm koronavirus bəlasından xilas olacağıq, həm də turizm sahəsində yenidən canlanmaya nail olacağıq”. 

Millət vəkili vurğulayıb ki, pandemiya dövründə bu sahədə işləyən insanlara maddi dəstək göstərilib, çünki onlar praktiki olaraq işsiz qalıblar:

“Turizm sahəsi bərpa olana qədər dəstək göstəriləcək. Dövlət başçısı iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə videokonfransda bunu bir daha dilə gətirdi. Lakin postpandemiya dövründə turizmlə bağlı işi daha düzgün görmək lazımdır. Ölkə rəhbəri videokonfrans zamanı bu məqama toxundu. Prezident vurğuladı ki, turizm sahəsində aparıcı ölkələrin təcrübəsini izləyəcəyik. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti insanların rifahı, sağlamlığı və rahatlığı istiqamətində zəruri işlərin hamısını görür və bundan sonra da görəcək. Çünki inkişaf və insan amili Azərbaycan dövlətinin, cənab Prezidentin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. Bu xətt Azərbaycanın bütün sahələrdə, o cümlədən, turizmdə böyük uğurunu təmin edib və bundan sonra da təmin edəcək”.