Məsuliyyətli olaq” anlayışını bir şüar kimi qəbul etməliyik”

“Təəssüf ki, qaydalara ciddi yanaşmayanlara da rast gəlinir”

“Dövlət tərəfindən çox işlər görülür, amma biz də dəstək olmalıyıq”





“Koronavirusun yatardığı ağır durumu, gərginliyi, həyacanı, narahatlığı və insanların bu vəziyyətdə psixoloji durumunu başa düşmək elə də çətin deyil”. Bu sözləri “Sherg.az”a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. 
Ekspert bildirib ki, bütün KİV-də, internet resurslarında, sosial şəbəkələrdə insanların xəstəliyə məsuliyyətsiz yanaşmasından danışılır: 

“İnsanlar iş yerlərində, ictimai-iaşə obyeklərində, marketlərdə, ictimai nəqliyyat vasitələrində Operativ Qərargahın metodiki göstərişlərinə riayət etməlidirlər. Ancaq təəssüf ki, qaydalara ciddi yanaşmayanlara da rast gəlinir. Hətta insanların bir qismi virusun olmasına belə inanmır. Görəsən, niyə inanmırlar? Bəlkə insanlardan çox şey gözləyirik, təbliğatın düzgün qurulmasında müəyyən çatışmazlıqlarmı var və s. kimi suallar da ortaya çıxır. Demək olar ki, bütün dünya mediası koronavirusu müharibə adlandırıb.

Xəstəlikdən qorunmaq üçün bütün dünyada metodiki tövsiyyələrdə sosial məsafə, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək tələb olunur. Necə ki, müharibədə əsgərlərin vəzifə borclarında səngərdə olmaq (sosial məsafə), başında kaska (maskada) və silah-patronu işlək və saz saxlamaq tələb olunur”.

Ekspert bildirib ki, əgər bu, müharibədirsə, qanunlar da oxşardır: 

“Ancaq fərqli cəhəti odur ki, müharibədə döyüş planı, taktiki, texniki planlama, düzgün stratergiya, kəşfiyyat və s. məsələlərlə bərabər komandirlərin bilik və bacarıqları, verdikləri qərarların düzgün olması da əsas şərtdir. Yəni müharibəni uduzursansa, yaxud çox itkilər verirsənsə, burada əsgərlərin günahı olmur. Deməli, stratergiya, döyüş planı, kəşfiyyat və s. düzgün aparılmayıb. Orta əsrlərdə döyüşlərdə səngərlər, qoruyucu sipərlər olmayıb, ona görə də hər iki tərəf xeyli itki verib. Demək istəyirəm ki, koronavirusla müharibəyə orta əsrlərdəki kimi əli yalın, ox-nizə ilə ölümün üzərinə getməməliyik. Müasir dövrdə koronavirusa qarşı peşəkar komandirlər tərəfindən döyüş planı, döyüş stratergiyası qurmaqla qalib gəlmək olar”. 

E.Nurəliyev vurğulayıb ki, dövlət tərəfindən çox işlər görülür, amma biz də dəstək olmalı, anlayışla qəbul etməli, hörmətlə yanaşmalıyıq: 

“Bəzən deyirlər, polis belə elədi, həkim belə elədi və s. İşinə məsuliyyətsiz yanaşanlar hər sahədə var. Ancaq bugünkü gündə hər birimiz peşəsindən, vəzifəsindən, dinindən, irqindən, milliyətindən aslı olmayaraq, Azərbaycan Respublikasında yaşayan hər kəs “məsuliyyətli olaq” anlayışını özümüzə bir nömrəli şüar kimi qəbul etməliyik”.