“Kür çayı ilə yanaşı Araz da ekoloji problemlə üz-üzədir” - Ekoloji fəlakət !

“Kür çayında suyun azalması ölkəmiz üçün milli təhlükəsizlik məsələsidir və bu problemin həlli istiqamətində yeni konsepsiya ortaya qoyulmalıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, təkcə Kür çayı ilə bağlı deyil, Araz çayı da ekoloji problemlə üz-üzədir: 

“Kürün quruması aran rayonları və Mingəçevir su anbarı üçün çox ciddi problemlərə gətirib çıxaracaq. Su strateji məsələdir və Azərbaycanın daha çox əsas su ehtiyatları işğal olunmuş ərazilərdə yerləşir. Kür çayı öz mənbəyini Türkiyədən götürür. Kür çayı üzərində iki su anbarının tikilməsi, suyun təhlükəli həddə azalmasına səbəb olan ən başlıca amillərdən biridir.
Bundan əlavə Kür çayından əlavə qollar ayrılaraq digər ərazilərin suvarılmasına çəkilib. Su ehtiyatlarının mənimsənilməsi ölkələr üçün ekoloji fəlakətdir”.
 


Analitik vurğulayıb ki, Azərbaycanın ən böyük su anbarlarından biri Ermənistanın işğalında olan Sərsəng su anbarıdır: 

“Su anbarına nəzarəti əldə etməklə, Azərbaycanın su ilə bağlı problemi azala bilər. Bu istiqamətdə hərəkətə keçməliyik. Hətta hərbi əməliyyatlar keçirməli və su anbarı nəzarətə götürülməlidir. Sərsəng su anbarı Azərbaycan üçün strateji məsələdir. Prezident İlham Əliyev Sərsəng su anbarı ilə bağlı dəfələrlə məsələ qaldırıb. Hətta AŞPA-nın su anbarı üzərində Azərbaycanın suveren hüquqlarını tanıyan qətnaməsi də var”.