Qələmi süngüyə çevirməyin əsl vaxtıdır ! - Media kapitanları danışır

Dünən səhər saatlarından etibarən Tovuz sərhəd zonasında silahlar susmur. Nəinki avtomatlardan, hətta ağır çaplı silahlardan qarşı tərəfə atəş açılır. Təəssüf ki, itkilərimiz də var. Haqq yolunda artıq üç şəhid vermişik. Ancaq biz böyük türk şairi Mehmet Akif Ersoyun “İstiqlal marşı”nda dediyi kimi, bu həyasızca axının durması üçün gövdəmizi sipər edirik. 


Müharibə  təkcə səngərdə yox, həm də informasiya məkanında gedir. Əsgərlərimiz avtomatları, jurnalistlərimiz qələmləri ilə vuruşurlar. Bəli, qələm silaha çevrilib. Bəs biz informasiya təminatını necə həyata keçirməli, hansı formada mübarizə aparmalıyıq? Media kapitanları bu barədə “Sherg.az”ın suallarını cavablandırıb: 



“Sapı özümüzdən olam baltalar” da sosial mediada təxribat törədirlər”

“Yeni müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu vurğulayıb ki, indi informasiya məkanında gedən müharibə daha çətin, daha təsirlidir:

“Biz düşmənin təxribatının təsirinə düşməməliyik. Daha ciddi məqam ondan ibarətdir ki, “sapı özümüzdən olam baltalar” da sosial mediada təxribat törədirlər. Məqsəd isə dövlətlə xalq arasındakı etimad limitini aşmaqdır. Saxta profillər açaraq sosial şəbəkələrdə yalan yazanlar, köhnə fotolar, videogörüntülər yayanlar kifayət qədərdir. Biz onlarla mübarizə aparmalıyıq”. 



“Düşmən təkcə cəbhədə yox, sosial mediada da təxribat törədir”

 “APA holdinq”in təsisçisi Vüsalə Mahirqızı, qeyd edib ki, təkcə indi yox, həmişə jurnalistin işi doğru informasiyanı tapıb, yaymaqdan ibarət olub:

“İndiki strateji bir məqamda isə ancaq rəsmi informasiyalara istinad edilməlidir. Media işçiləri informasiya yayarkən mütləq konkret dövlət qurumları ilə dəqiqləşdirməli, razılaşdırmalıdırlar. Hərbi jurnalistlərlə əməkdaşlıq etmək çox mühüm əhəmiyyətə malikdir. Çünki onlar müharibə qaydalarını bilməklə yanaşı, fövqəladə hadisələrdə işləmək bacarığına da malik olurlar. Biz sosial mediada da diqqətli davranmalıyıq. Hər məlumatı yaymaq və hər məlumata inanmaq olmaz. Düşmən qüvvələri “APA holdinq”in adından dəfələrlə yanlış məlumatlar yayıb, təxribata can atıblar. Biz onları tapıb, sosial platforma administrasiyalarına şikayət etmişik. Bu, o deməkdir ki, düşmən təkcə cəbhədə yox, sosial mediada da təxribat törədir. Deməli, ermənilərin bu addımına adekvat davranmalıyıq”. 



“Jurnalistlərlə yanaşı, siravi vətəndaşlar da diqqətli və məsuliyyətli olmalıdırlar”

  “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, bu tip fors-major hadisələr zamanı  medianın fəaliyyətinə dair sadəcə bir sınanmış variant var: koordinasiyalı çalışmaq, rəsmi məlumatlara istinad etmək. Xüsusilərlə itkilərin şişirdilməsi yolverilməzdir:

“Çünki bizim qeyri-dəqiq informasiyamızı düşmən əleyhimizə istifadə edə bilər. Odur ki, hətta düşmənə zərbə vursa belə, yalandan qaçmaq lazımdır. Media sırf peşəkar davranmalıdır. Bizdən tələb olunan təmkin, səbr, soyuqqanlılıqdır. Jurnalistlərlə yanaşı, siravi vətəndaşlar da diqqətli və məsuliyyətli olmalıdırlar. Emosionallığa yol verməz düzgün deyil. Unutmaq olmaz ki, xeyirxahlıq məqsədli hansısa addımımız belə, düşmən üçün güclü silaha çevrilə bilər”. 



“Müharibə gedən ölkənin jurnalisti xəbərçilik yox, vətəndaşlıq mövqeyində olmalıdır”

“Teleqraf holdinq”in rəhbəri Aynur Camal diqqətə çatdırıb ki, müharibə gedən ölkənin jurnalisti xəbərçilik yox, vətəndaşlıq mövqeyində olmalıdır:

“Dövlətinin, millətinin tərəfini tutmaq adı ilə heç kim bizi ittiham edə bilməz. İndi biz də əsgərlərimiz kimi mübarizə aparmalı, savaşmalıyıq. Görürsünüz, ermənilər sosial mediada qara piar aparırlar. Əlbəttə, onları maliyyələşdirən var. Bu qüvvə daxilimizdəki “V kolon”dur. Fəqət bizi silahımızı, qələmimizi yerə qoymamalı, vuruşmalıyıq. İnformasiya müharibəsində dövlət mövqelərindən çıxış etməli, rəsmi məlumatlara inanmalıyıq. Düzdür, bizim siyasətimizə kölgə salmaq üçün çalışan qüvvələr, media qurumları var.

Lakin ümumilikdə mediamızın fəaliyyətini yüksək qiymətləndirirəm. Və oxuculara, tamaşaçılara, dinləyicilərə diqqətli olmalarını, yalnız etibarlı mənbələrə inanmalarını tövsiyə edirəm”.