“Ermənistan beynəlxalq dayaqlarını itirir”

“Ölkə daxilində vəziyyət son dərəcə gərgindir”

“Demokratiya, islahat, söz verilən “çiçəklənmənin” yalandan ibarət olduğu artıq xalqa məlumdur” 



“Yaranmış vəziyyət Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsidir”. 
Bunu "Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 
Siyasi şərhçi bildirib ki, beynəlxalq maliyyə qurumlarından yardım dilənən Ermənistan hakimiyyəti sosial dayaqlarını tamamilə itirdiyi üçün bu yola əl atır: 

“Dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir və bu, ilk dəfə deyil. Ermənistan çirkin siyasətinə sadiqliyini nümayiş etdirir. Bu təxribat nəticəsində hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olub. Azərbaycan ordusunun qətiyyəti nəticəsində Ermənistana adekvat cavab verilib, təxribatların qarşısı alınıb, düşmənin bütün cəhdləri iflasa uğrayıb. Mərd Azərbaycan oğulları dövlət sərhədini qoruyur. Erməni əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmirlər. Vəziyyət Ali Baş Komandan İlham Əliyevin nəzarəti altındadır. Bütün məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Bilavasitə Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə cəbhədə belə hadisələr yaşanır. Riyakar, çirkin və məkrli siyasətin nəticəsidir ki, bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edən Ermənistan, digər tərəfdən hərbi təxribatlar törədir. Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir və mülki əhalini, kəndlərimizi atəşə tutur.

Lakin Azərbaycan tərəfi buna imkan verməyəcək. Öz ərazi bütövlüyümüzü, sərhədlərimizi bundan sonra da qoruyacağıq. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə tam nəzarət etmək iqtidarındadır. Düşmənə sarsıdıcı zərbə vuruldu və şəhid olan hərbçilərimizin qisası alındı. Onların qanı yerdə qalmadı və bundan sonra da qalmayacaq”. 

Ş.Həsənova qeyd edib ki, beynəlxalq maliyyə qurumlarından yardım dilənən Ermənistan hakimiyyəti sosial dayaqlarını artıq tamamilə itirdiyi üçün bu yola əl atır: 

“Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi beynəlxalq uğurlar nəticəsində Ermənistan narahat olur. Bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, heç şübhəsiz ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub.

Prezident İlham Əliyevin beynəlxalq kürsülərdən səsləndirdiyi tarixi faktlar, əsaslı arqumentlər düşməni daha da lərzəyə salır. Artıq bütün dünya birliyi əmindir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş saxta “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr “seçkiləri” birmənalı olaraq  pislədilər”. 

Ekspert bildirib ki, ermənilər Azərbaycanın guya Ermənistan ərazisinə hücumlar etdiyini iddia edir. Məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər: 

“Halbuki bütün hücumlar Ermənistan tərəfindən törədilir. Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifin 130-dan çox ölkə tərəfindən dəstəkləndiyi halda Ermənistan bir daha özünü rüsvay edib, bu təşəbbüsün əleyhinə çıxıb. İkiüzlü, düzgün olmayan siyasətə görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Ölkə daxilində vəziyyət son dərəcə gərgindir. Demokratiya, islahat, söz verilən “çiçəklənmənin” yalandan ibarət olduğu artıq xalqa məlumdur.