Dövlətimiz güclü, ordumuz müzəffər, xalqımız da mərd...

“Hər kəsi cənab Prezidentin, dövlətimizin ətrafında daha sıx birləşməyə səsləyirik”

“Hər birimiz Ali Baş Komandanın əsgərləriyik. Fərqi yoxdur ya səngərdə, ya siyasi arenada”




“Hər kəsi qanunun aliliyinə hörmət etməyə, cənab Prezidentin və dövlətimizin ətrafında daha sıx birləşməyə səsləyirik”. 
Bu barədə “Sherg.az”a politoloq Şəbnəm Həsənova deyib. 
Siyasi şərhçi bildirib ki, cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğu iyulun 14-15-də ordumuza dəstək məqsədilə keçirilmiş aksiya ilə növbəti dəfə sübuta yetirildi: 

“Aksiyada iştirak edənlərin vətənpərvərliyi, eyni zamanda onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti olduqca fəxr olunası hal kimi qiymətləndirilməlidir. Sözsüz ki, orduya dəstək hər bir vətəndaşın borcudur və elə bu səbəbdən də bu bir sıra tədbirlərin, aksiyaların həyata keçirilməsi son dərəcə normaldır.

Ancaq təssüflər olsun ki, biz dünən gecə saatlarında sui-istifadə hallarından yararlanmağın şahidi olduq. Belə ki, prosesə siyasi don geyindirməyə, vəziyyəti nəzarətdən çıxarmağa çalışan və mənfi emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Bu azmış kimi sosial şəbəkələr vasitəsilə istər cəbhə xəttində, istərsə də paytaxtda arzuolunmayan proseslərin baş verməsi barədə əsassız, yalan-yanlış məlumatlar tirajlandı.

Heç kəs unutmamalıdır ki, Azərbaycan qüdrətli dövlətdir. Əldə etdiyimiz təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik tariximizin ən yüksək uğurlarıdır. Biz xalq olaraq əyilməz iradəmiz, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər bir vəchlə göz-bəbəyimiz kimi qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi açıq şəkildə nümayiş etdirməliyik”.

Siyasi şərhçi xatırladıb ki, 1990-cı illərin əvvəllərində baş verən gərginlik, xaos, özbaşınalıq, itaətsizlik, və anarxiya yaxın tariximizdir və hələ də yaddaşlarımızdan silinməyib: 

“Bəzi siyasi qruplaşmaların, ayrı-ayrı şəxslərin yaranmış vəziyyətdən sui-istifadə edərək bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi şəkildə qınanılmalıdır. Bu pozucu fəaliyyətə cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz lazımi qiymət verməlidirlər. Məhz bu amildən də çıxış edərək istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zərurəti yaranıb.



Dinindən, peşəsindən, milli mənsubiyyətindən asılı olmayaraq bir olmağın, yumruq olmağın vaxtıdır. Çünki bu ən azından Vətən uğrunda, torpaq uğrunda canından keçən şəhidlərə mənəvi borcumuzdur. Hər kəs son dərəcə məsuliyyətli davranmalı, nizam-intizama əməl etməli, eyni zamanda cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səyləri səfərbər etməlidir.

Sərhəddə hərbi əməliyyatların getdiyi vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, o cümlədən Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara son dərəcə ziddir, ən əsası şəhidlərimizin ruhuna hörmətsizlikdir.” 

Ş.Həsənova vurğulayıb ki, qüdrətli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına və həmləsinə layiqli cavab vermək əzmində və iqtidarındadır: 

“Həm 2016-cı ilin aprel döyüşləri, həm də də hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha göstərir. Ordumuz səngərdə can qoyur. Dövlətimiz güclü, xalqımız da mərd. Hər kəsi qanunun aliliyinə, cənab Prezidentin, dövlətimizin ətrafında daha sıx birləşməyə səsləyirik. Cənab Prezidentin, ordumuzun yanındayıq. Qadın demədən, kişi demədən hər birimiz Ali Baş Komandanın əsgərləriyik. Fərqi yoxdur ya səngərdə, ya siyasi arenada. Biz birlikdə güclüyük”.