"Düşmənlə polemika aparmaqdan çəkinməməliyik"

Vüsalə Mahirqızı: "Hərbi əməliyyatlar başlasa Operativ Media Qərargahı yaradılmalıdır"

APA holdinqin rəhbəri gərəkli addımları sadalayır

Mətbuatın ağrılı yerlərindən biri də bəzi media qurumlarının, xüsusən saytların və sosial şəbəkələrin mütəmadi olaraq dezinformasiya yaymasıdır. Yalan və çaşdırıcı məlumat yaymaq mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodu hesab olunur. Dezinformasiyanın təsiri düşündüyümüzdən daha çoxdur.

Yanlış informasiyalardan çox zaman reytinq toplamaq üçün məqsədyönlü şəkildə istifadə edilsə də, bəzi hallarda müəyyən siyasi qruplaşmalar da öz mənfəətləri üçün dezinformasiyalardan faydalanır. Bu səbəbdən mətbuatda, xüsusən sosial mediada yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyini mütləq mühakimə etməliyik.

Unutmayaq ki, bu gün ölkəmizə qarşı həm də ciddi informasiya müharibəsi aparılır. Qərəzli şəkildə sosial şəbəkələr vasitəsilə həqiqətə uyğun olmayan yalan xəbərlər yayılır. Əfsuslar olsun ki, ermənilərin Tovuz rayonu istiqamətindəki hücumundan sonra yenidən bu arzuolunmaz mənzərənin şahidi olduq. Düşmən tərəfindən yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqət olmayan dezinformasiyalar, şəkillər yayılır ki, bu da cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətə, orduya inamını sarsıtmağa hesablanır. 

Vəziyyət o həddə çatır ki, Müdafiə Nazirliyi hər gün bununla bağlı mediaya və sosial şəbəkə istifadəçilərinə çağırış etməyə məcbur olur. Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı məlumat yayıb və yanlış xəbərləri tirajlayanlara xəbərdarlıq edib.

DTX-dan bildirilib ki, sərhəddəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycanın müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli məlumatlar dərc olunur. O cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılır.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur: “Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış məlumatlar yayan şəxslər haqqında qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcək. Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik”. 
Media nümayəndələri də hesab edirlər ki, informasiya müharibəsində qalib gəlmək, ön cəbhədəki əsgərlərimizə dəstək olmaq üçün ancaq rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq. Dezinformasiya yayan şəxslər və saytlar isə sərt formada cəzalandırılmalıdır. 

“APA” Holdinq Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı “Şərq”ə açıqlamasında bəyan edib ki, belə məqamlarda ayrıca Operativ Qərargah yaradılmalıdır. Çünki Azərbaycan müharibə şəraitindədir və gərgin strateji mövqeyə malikik. Holdinq rəhbərinin sözlərinə görə, bu, böhran qərargahı olmalıdır: “Qərargah strateji məqamlarda fəaliyyət göstərməlidir.

Orada təcrübəli jurnalistlər, piar mütəxəssisləri və politoloqlar təmsil olunmalıdır. Həssas durumlarda ətraflı, geniş müzakirələr aparılmalı və qaynar xəbər mühiti yaradılmalıdır. Bütün informasiyaların da koordinasıyası həmin mərkəzdən təşkil olunmalıdır. Qərargahın əsas işi müvafiq vaxtlarda kommunikasiya qurumlarına təlimatlar hazırlayıb göndərmək, eyni zamanda informasiyaların təbliğinin sosial mediada qurulmasına nəzarət etməkdir. Əlbəttə, burada söhbət hansısa senzuradan, kiməsə təzyiqdən getmir. Amma həssas məqamlarda nəzarət mütləqdir. Hesab edirəm ki, bizim bu cür kommunikasiya qurumuna ehtiyacımız böyükdür. Bu mərkəz həm hökumət qurumları, həm də media ilə sıx işləməlidir. Qarşılıqlı əməkdaşlıq nəticəsində mediamızda yayılan yalan xəbərlərin, böhtanların qabağını operativ şəkildə ala bilərik”. 

V.Mahirqızı vurğulayıb ki, hərbi əməliyyatlar başladığı anda, həmin əraziyə yalnız hərbi jurnalistlər buraxılmalıdır:

“Təxribat törədilən ərazidə dərhal polis postları qurulmalıdır. Müdafiə Nazirliyi il ərzində bir neçə dəfə jurnalistlərin iştirakı ilə seminarlar təşkil edir. Xeyli jurnalist təlimlərdən keçərək hərbi jurnalistikanın sirlərinə yiyələnir, onlara xüsusi sertifikatlar verilir. Hesab edirəm ki, ermənilərin təxribata əl atdığı, hücum etdiyi bölgələrə sadəcə Müdafiə Nazirliyinin sertifikat verdiyi hərbi jurnalistlər cəlb edilməlidir. Xarici dillərdə yayım həyata keçirən media qurumları da onlarla paralel işləməlidir. Məlumatlar ancaq bu cür xəbər portallarından, özü də xarici dillərdə yayılmalıdır. Qərəzli media qurumları, xüsusən özlərini “bloger” adlandıran, xaricdən maliyyələşən saytlar qətiyyən cəbhə bölgəsinə buraxılmamalıdır. Hətta kifayət qədər böyük və nüfuzlu media qurumunda hərbi jurnalist yoxdursa, haranı, necə çəkib göstərməli olduğunu bilən müxbir yoxdursa, o mətbu orqanın əməkdaşı da müharibə gedən ərazidən uzaqlaşdırılmalıdır”. 

V.Mahirqızı qeyd edib ki, cəbhə xəttinə, hərbi əməliyyatlar bölgəsinə gedən hərbi jurnalistlərə təlim keçmək vacibdir:

“Nəzərə alınmalıdır ki, təxribat bölgəsində əhali gərgin vəziyyətdədir. İnsanlar ölüm-dirim savaşı verirlər, yaşadıqları evlər başlarına uçur. Əraziyə yollanan jurnalistlər gərgin insanlarla davranmağın yollarını bilməlidir. Təlim keçmək həm də jurnalistin öz təhlükəsizliyi üçün əhəmiyyətlidir. Belə vəziyyətlərdə Prezident Administrasiyası və Müdafiə Nazirliyini çıxmaq şərti ilə başqa rəsmi qurumların nümayəndələri, deputatlar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri heç bir məlumat verməməlidir. Ümumi proses Müdafiə Nazirliyi tərəfindən aparılmalıdır. Ərazidə internet və sosial media platformaları bağlanmalıdır.

Dünyanın inkişaf etmiş ölkələrində bu metodlardan istifadə olunur. Hətta adi iğtişaşlar zamanı panika yaranmaması, ölkədə çaxnaşma olmaması üçün müvəqqəti olaraq sosial şəbəkələri qapadırlar. Sosial şəbəkə istifadəçiləri hərbi texnikalarımızın fotolarını nömrəsinə qədər qeyd edərək paylaşırlar. Postları, texnikaların hərəkətini videoya çəkib “tik-tok”a, “instaqram”a qoyurlar. Bunlar qətiyyən yolverilməzdir. Ona görə də hesab edirəm ki, əgər bunların qarşısını almaq mümkün olmursa, o zaman ərazidə internet, kommunikasiya minimuma endirilməli, sosial şəbəkələrə çıxış bağlanmalıdır”. 

Vüsalə Mahirqızı bildirib ki, sosial media və internet şəbəkələrə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ciddi nəzarət olunur:

“Yalan məlumat yayan bir neçə şəxs həbs olunub. Qəsdən yanlış informasiyaları tirajlayan, cəmiyyətdə çaxnaşma yaratmağa cəhd göstərən şəxslər məsuliyyətə cəlb olunmalıdır. İnsanlar başa düşməlidirlər ki, öz fantaziyalarını, arzularını parkda yanaşı oturduqları dostuna, yoldaşına danışmır. Sosial şəbəkələr kütləvi yayım yeridir.

Bir nəfərin virtual dostluğunda yüzlərlə, minlərlə adam olur və nəticədə dezinformasiya daha böyük auditoriyaya yayılır. Əksər şəxs yalan xəbəri həqiqət kimi qəbul edir və ölkə bir-birinə qarışır. Yəni “bir dəli quyuya daş atır, yüz ağıllı çıxara bilmir”. Hansısa dezinformasiya gedir, sonra dövlət qurumları və peşəkar media onu təkzib etməklə məşğul olur. Bilmirik belə məqamlardan düşmənin yalanlarına cavab verək, yoxsa öz içimizdəki yalançılarla mübarizə aparaq”. 

Media Qrupun rəhbəri diqqətə çatdırıb ki, sosial mediada işi düzgün qurmalıyıq:

“Biz “vesti.az” saytının səhifəsində bir elan paylaşdıq və insanlara çağırış etdik. Məlumdur ki, rusdilli xəbər portallarına Ermənistanın xüsusi xidmət orqanları, trollar daha çox cəlb olunur. Ermənilər bizim yaydığımız həqiqətlərin “yalan” olduğunu sübut etməyə çalışırlar. Bizimkilər isə admindən tələb edirlər ki, erməniləri bloklasın. Xeyr, düşməni bloklamaq lazım deyil.

Əksinə, biz o xəbərləri rus dilində ona görə yayırıq ki, ermənilər özləri də reallığı görsünlər. İşğalçı Ermənistan hökuməti öz xalqına doğru-dürüst məlumat vermir, itkiləri, düşmənin məğlubiyyətini gizlədir. Göstərmək istəyirik ki, İrəvanın siyasəti sadə erməniləri uçuruma aparır. O səbəbdən ermənilərlə açıq mübarizə aparmalıyıq. Düşmənlə polemikaya girməkdən çəkinməməliyik. Rusdilli, ziyalı kütləmiz sosial şəbəkələrdə, mediada aktiv olmalıdır. İnformasiya müharibəsi belə aparılır”. 

V.Mahirqızının fikrincə, insanlarımıza təcili şəkildə sosial media davranışı öyrədilməlidir: “Orta məktəblərdə sosial media dərslərinə başlamalıyıq. Xarici məktəblərdə bu praktikadan istifadə olunur.

Mənim qızım Azərbaycanda ingilis dilində təhsil verən xarici məktəbdə təhsil alır. Onlara hansı informasiyanın doğru, yaxud yanlış olduğu məktəbdə öyrədilir. Bildirilir ki, vikipediyada yayılan, yutubda baxılan hər şey doğru deyil. Dəqiq informasiyalar üçün mütləq rəsmi, təsdiqlənmiş məlumatlara baxılmalıdır”.