Ölüm cəzası geri qayıda bilməz

Fazil Mustafa: "Hakimiyyətin Heydər Əliyev kursuna zidd qərar qəbul etməsi anlaşılan olmaz"


Hərbi yönümlü qeyri-hökumət təşkilatları son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat fonundan ölkədə panika yaratmağa çalışan, ordunu nüfuzdan salmağa səy göstərən şəxslərə qarşı bəyanat yayıblar. QHT-lər vətən xaini adlandırdıqları bu cür şəxslərin ən sərt formada cəzalandırılmasını, hətta sırf onlar üçün ölüm hökmünün bərpasını tələb ediblər.

Bildiriblər ki, Azərbaycanın öz ərazisinin toxunulmazlığı istiqamətində apardığı hərbi əməliyyatlar həm daxildə, həm də xaricdə müəyyən qrupları bərk narahat edib. Onların fikrincə, belə şəxslərdən biri də təxribat xarakterli video yayan düşmən xislətli Rəşad Məmmədovdur. Düşmənə xidmət edənlər hüquq-mühafizə orqanları tərəfindən ən qəddar formada cəzalanmalıdır.

Çünki ermənilərə çalışmağın bir adı var - xəyanət. Bəyanatı hazırlayan QHT-lər ölüm hökmünün bərpa olunmasını tələb edərək, vətən xainlərinin edama məhkum olunmasını istəyiblər.

Xatırladaq ki, ölüm hökmünün bərpası dəfələrlə gündəmə gətirilib. Zaman-zaman bəzi cinayətlərlə bağlı edamın geri qaytarılmasının zəruriliyini dilə gətirən şəxslərdən biri də millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub. 

Ancaq bir qrup təşkilatın ölüm hökmünün bərpası tələbini “Şərq”ə dəyərləndirən deputat Fazil Mustafa vurğulayıb ki, o, ölüm hökmünü ağır cinayətlərə, hamilə qadınların öldürülməsinə və s. bu tipli dəhşətli qətllərə görə gündəmə gətirib. Parlament üzvü qeyd edib ki, Avropa Şurası qarşısında öhdəliyimiz var və bunu dəyişmək mümkün deyil: “Edam cəzasını vaxtı ilə mərhum prezident Heydər Əliyev ləğv edib.

Hakimiyyətin Heydər Əliyev kursuna zidd qərar qəbul etməsi anlaşılan olmaz. Amma cəzanın sərtləşdirilməsi mümkündür. Ağır həbsə məhkum etmək və başqa cür cəzalandırmaq olar. Kiminsə vətənə xəyanəti təsdiqlənirsə, həmin şəxs qanunvericiliyə uyğun ən ağır formada cəzalandırılmalıdır. Bizdə ömürlük həbs cəzası var. Cinayət Məcəlləsində nəzərdə tutulan qaydadan kənara çıxmaq olmaz. Özümüzdən yeni Amerika kəşf etməyə ehtiyac yoxdur”. 

F.Mustafa bildirib ki, QHT-lərin təşəbbüsü emosionallıqdan qaynaqlanır:

“Həssas məqamlarda vətənə xəyanət faktı vətənpərvər insanların içini yandırır, xainliyə dözə bilmirlər. Bunlar anlaşılandır. Amma hüququn üzərinə çıxa bilmərik. Mövcud qanunlara uyğun addım atmalıyıq”.