Deputatdan çağırış: Gözləmə mövqeyində olan düşmənlərə fürsət verməməlidir


"Unutmayaq ki, hələ də bütün dünyada COVİD-19 adlı pandemiya tüğyan edir".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat vurğulayıb ki, indiki məqamda sosial izolyasiya qaydalarını pozaraq kütləvi toplaşmaq hər bir şəxsin sağlamlığı üçün ciddi təhlükə yaradır:

"Dəyərli Azərbaycan xalqı! Bildiyimiz kimi təcavüzkar Ermənistan günlərdir təmas xəttində davamlı təxribatlar törətməyə çalışır. Lakin müzəffər Azərbaycan Ordusu düşmənin təxribat cəhdlərinin qarşısını layiqli şəkildə alır və yerinə oturdur. Şəhidlərimizin qisası alınır. Düşmən tərəfin itkiləri çoxdur. Bunu Müdafiə Nazirliyinin yaymış olduğu video-görüntülər təsdiq edir. Əlbəttə, şəhidlərimizin dəfn mərasimlərindəki aksiyalar, eləcə də Ali Baş Komandanımız cənab İlham Əliyevə, Qarabağa və Azərbaycan əsgərinə dəstək aksiyaları hər birimizdə qürur hissləri yaradır. Ancaq bəzi təxribatçı davranışlar sadəcə düşməni sevindirir. Azərbaycan dövləti güclü dövlətdir və qüdrətli orduya sahibdir. Hərbi əməliyyatları heç bir çətinlik olmadan həyata keçirmək iqtidarındadır. Mülki həyatda olan gənclərimiz isə potensial əsgərlərdir. Əgər səfərbərlik olarsa, gənclər də orduya cəlb olunacaq. Amma bu gün ölkəmizdə karantin rejmi qüvvədədir və aylarla korona bəlası ilə mübarizə aparırıq".

C.Osmanov qeyd edib ki, Operativ Qərargahın qaydalarına zidd olaraq kütləvi toplaşmaq virusa yoluxma hallarının sürətlə artmasına gətirib çıxara bilər:

"Bu səbəbdən düşünülmüş qaydada hərəkət etməli, ölkə başçısı, cənab Ali Baş Komandanımızın verəcəyi qərarları gözləməli və dövlət başçımızın ətrafında daha mütəşəkkil qaydada birləşməliyik. Unutmyaq ki, yaranan vəziyyətdən istifadə edərək dövlətçiliyimizə zərbə vurmağa çalışan müəyyən qüvvələr var. Gözləmə mövqeyində olan düşmənlərə fürsət verməməli və əsas diqqətimizi cəbhə xəttindəki ermənilərlə mübarizəyə yönəltməliyik".