Cəbhə təəssüratları: “Jurnalistlər kürəklərini sərhəd xəttinə söykəmişdilər”

Ötən günlər ərzində müxtəlif ictimai-siyasi xadimlər Tovuza gedib, vəziyyətlə maraqlanıblar. Onların arasında millət vəkilləri - Qənirə Paşayeva və Arzu Nağıyevlə yanaşı, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu da var. Əməkdaşları ilə birlikdə bir neçə günlük Tovuzda ezamiyyətdə olan tanınmış media kapitanı dünən Bakıya qayıdıb. 


O, təəssüratlarını “Sherg.az”la bölüşüb: 

“Əhali arasında çox yüksək əhval-ruhiyyə var. Bu, ordumuza və dövlətimizə olan inamdan irəli gəlir. 
Ötən günlər ərzində yerli sakinlərdən heç birinin köç etmədiyi təsadüfi deyil. Əksinə, hər kəs bir nəfər kimi əlinə silah alıb, könüllü döyüşməyə hazırdır. Son günlər nisbi sakitlik olsa da, düşmənin iki PUA-sı məhv edilib”. 

 R.Arifoğlu Tovuz döyüşləri ilə bağlı Azərbaycan jurnalistlərinin işini də yüksək qiymətləndirib: 

“Orada xeyli media nümayəndəsi var idi. Əməkdaşlarımız Məhəmməd Türkmənlə İlkin Muradov da çox fəal çalışır, televiziya kanalları ilə onlayn formatda  əməkdaşlıq edirdilər. Jurnalistlərimiz kürəklərini sərhəd xəttinə söykəmişdilər. Bundan o tərəfi isə postda döyüşən əsgərlərdir. Ağıllı və bir az vətənpərvər adam canını təhlükəyə ataraq ən qaynar yerlərdən informasiya ötürən jurnalisti qoyub, ermənilərə xidmət edən dezinformasiyaya inanmaz”. 

R.Arifoğlu, həmçinin dövlət başçısına minnətdarlığını bildirib:

“Mən bütün tovuzlular adından Prezident İlham Əliyevə “çox sağ olun” deyirəm. Çünki dövlət başçımız Tovuza dəymiş ziyanın aradan qalxması üçün operativ sərəncam imzalayıb. Bu, dövlətin Tovuzun arxasında, hakimiyyətin yerli insanların yanında olmasının göstəricisidir”.