“ABŞ konqresindən Ermənistana növbəti zərbə... – ŞƏRH 

“Konqres və onun kimi beynəlxalq qurumlar erməni yalanlarını qəbuledilməz səviyyəyə çatdırırlar”

ABŞ Konqresi Azərbaycan ərazilərinin işğal faktını tanıyıb. Konqresin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib. Düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.

Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir. 


ABŞ konqresinin düzəlişini “Sherg.az”a şərh edən millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bunun Ermənistana növbəti zərbə olacağını düşünür: 

“Düzəlişi diqqətlə təhlil etsək, düşmənlərin indiyə kimi yalan üzərində qurulmuş bütün provokasiyalarına son qoyulduğunu görərik. Əgər belə demək mümkünsə, ABŞ konqresi Ermənistana şillə vurdu. Amma düşmənlər o qədər həyasızdırlar ki, bundan sui-istifadə etməyə çalışırlar. Onlar erməni şəbəkəsinin başçısının da guya belə bir əlavə verdiklərini iddia edirlər. Bu, başdan-ayağa yalandır. Düzdür, ermənilər sakitləşmir. Lakin ABŞ konqresi və onun kimi digər beynəlxalq qurumlar erməni yalanlarını artıq qəbuledilməz səviyyəyə çatdırırlar”.