İşğal faktının tanınması qələbədir, amma...

Ermənilərin Konqresə əl uzatmasına imkan verməməliyik

Ümid edirik, Gürcüstan və Moldova da bizimlə bərabər erməni lobbisinin təzyiqlərini dəf etməyə cəhd göstərəcək


ABŞ Konqresində Qaydalar Komitəsinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını tanıyan 296 saylı düzəlişi təsdiqləməsi diplomatiyamızın böyük uğuru sayılmalıdır. Xüsusən, Tovuz hərbi təxribatından sonra belə bir sənədin gündəmə gətirilməsi mühüm irəliləyişdir. Vurğulamaq lazımdır ki, Amerikada erməni lobbisinin dayaqları güclüdür və onlar istənilən qanuni aktların qəbulu zamanı təzyiq mexanizmlərini dərhal işə salırlar. Erməni diasporasının sözügedən düzəlişi Konqresdə qəbul etdirməmək üçün ciddi canfəşanlıq edəcəyi indidən məlumdur. Artıq ABŞ-dakı erməni lobbisinə bununla bağlı çağırışlar edilib. 296 saylı düzəliş sadəcə Azərbaycanın deyil, Ukrayna, Gürcüstan və Moldova ərazilərinin də işğal faktını təsdiqləyir. O baxımdan yaxşı olar ki, dörd ölkə ayrı-ayrılıqda deyil, lobbi güclərini birləşdirərək erməni diasporasına qarşı mübarizə aparsınlar. 

Azərbaycanın xeyrinə olan düzəlişi “Şərq”ə təhlil edən millət vəkili Elman Məmmədov deyib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM adlı qurumda təmsil olunur. Deputatın sözlərinə görə, dörd ölkənin ortaq fəaliyyətini şərtləndirən amillər kifayət qədərdir:

“Taleyin hökmünə baxın ki, dörd ölkənin hamısının ərazisi işğala məruz qalıb və torpaqlarında separatçı qondarma rejimlər yaradılıb. Təcavüzə məruz qalmış, separatçılıqla üzləşmiş bu dövlətlər birlikdə səy göstərərək düzəlişin Konqresdə qəbuluna çalışmalıdır. Azərbaycan uzun müddətdir bu istiqamətdə ciddi iş aparır, təşəbbüslər irəli sürür, çağırışlar edir. Digər dövlətləri də prosesə cəlb etmək lazımdır. Əlbəttə, hər ölkənin öz marağı, problemləri var və öncə onları qabartmağa çalışır. Bunu anlayışla qarşılayırıq, ancaq işğalçılara qarşı əhəmiyyətli qanun layihəsi müzakirə olunursa, burada pərakəndəlik olmamalıdır. Erməni lobbisinə qarşı birgə mübarizə daha effektli alınar”. 

E.Məmmədovun sözlərinə görə, ABŞ-da erməni diasporası güclüdür, maliyyə dəstəkləri böyükdür və dövlət qurumlarına, Konqresə təsir imkanları çoxdur:

“Ermənilər müxtəlif üsullarla qanunverici orqanın bütün təbəqələrində xeyli tərəfdar qazanıblar. Əfsuslar olsun ki, bu istiqamətdə nisbətən geri qalmışıq. Son zamanlar cənab Prezidentin rəhbərliyi altında aparılan xarici siyasət nəticəsində uğurlar əldə edirik və istəklərimizə nail oluruq. Şübhə yoxdur ki, düzəlişin Konqresdə xeyrimizə həll olunması üçün rəsmi Bakı üzərinə düşəni artıqlaması ilə edəcək. Lakin diplomatlarımız və diaspora qurumlarımız da bu istiqamətdə vicdanla işləməlidir. Ümid edirik, Gürcüstan və Moldova da bizimlə bərabər erməni lobbisinin təzyiqlərini dəf etməyə cəhd göstərəcək. Bu, ilk növbədə həmin ölkələrin öz maraqlarına xidmət edən məsələdir. Ermənilərin Konqresə əl uzatmasına imkan verməməliyik”.