İndi durum fərqlidir, "Difai" kimi bir modelə qayıtmağa ehtiyac yoxdur - Fazil Mustafa

 
"Son vaxtlar ən çox rast gəldiyimiz təşəbbüslərdən biri də ötən əsrin əvvəllərində böyük mütəfəkkirimiz Əhməd Bəy Ağaoğlunun təşəbbüsü ilə erməni terroruna qarşı yaradılmış "Difai" təşkilatının yenidən bərpa olunması barədədir".

"Sherg.az"ın xəbərinə görə, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb.

Deputat bildirib ki, səmimi təşəbbüs kimi görünsə də, ancaq gəlişigözəl bir yanaşmaya bənzəyir:

"Hər bir təşəbbüsün məntiqi izahı olmalıdır. "Difai" tariximizdə çox böyük bir missiyanı yerinə yetirib və ermənilərlə silahlı qarşıdurmanı qısa müddətdə azərbaycanlıların xeyrinə dəyişib. Erməni terroruna qarşı uğurlu qisas əməliyyatları həyata keçirib və millətimizin daha ağır faciələrlə qarşılaşmasına imkan verməyib. Lakin düşünməliyik: Nədən "Difai" yarandı? Çünki müstəqil dövlətimiz yox idi, Rusiya təbəəsi sayılırdıq və o dövrdə də indiki kimi rus hökuməti ermənilərə dəstək nümayiş etdirirdi və bizim əl-qolumuzu bağlayırdı. Belə bir gizli təşkilatın yaranması özümüzü müdafiə baxımından həyati əhəmiyyət kəsb edirdi və bu səbəbdən də dövrün aydınları və vətənpərvər insanları bu missiyanı gerçəkləşdirdilər. İndi isə durum tamamilə fərqlidir. Bizim artıq müstəqil dövlətimiz var, onun düşmənlə döyüşən ordusu var, terrora qarşı təhlükəsizliyimizi qoruyan polisimiz və təhlükəsizlik xidmətimiz var".
Parlament üzvü vurğulayıb ki, bu funksiyanı daha peşəkar səviyyədə yerinə yetirən dövlət varsa, 115 il öncə yaranmış bir təşkilatın modelinə qayıtmanın nəyisə dəyişəcəyinə inanmaq çətindir:

"İsraildə MOSSAD, İranda SEPAH, ABŞ-da FTB, Rusiyada FTX və s. bu işləri dövlət adından rəsmi şəkildə görürlərsə, bizdə də DTX lazımi funksiyanı yerinə yetirəcək. Bu təşəbbüs məncə yalnız "Difai"nin xalqımız qarşısında əvəzsiz xidmətlərini xatırlatmaq baxımından cəlbedici və faydalıdır".