İstənilən sülh razılaşması kövrək xarakter daşıyacaq

"Davamlı və möhkəm sülhün əldə edilməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır"

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanmalıdır. Bunun isə yeganə yolu işğal olunmuş bütün torpaqların azad edilməsindən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.



Deputat qeyd edib ki, münaqişə yalnız kompromislər yolu ilə həll oluna bilər:

“Ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın danışıqları davam etdirməsi isə elə kompromisə getmək deməkdir. Lakin Ermənistan müxtəlif vaxtlarda dəfələrlə danışıqları pozub, qeyri-konstruktiv siyasət nümayiş etdirib. Dəfələrlə cəbhə xəttində hərbi təxribatlara əl atan Ermənistan bununla sülhə hazır olmadığını nümayiş etdirib. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş son hadisələr zamanı biz bunun bir daha şahidi olduq. Ermənistanın bu təxribatları açıq-aşkar danışıqlardan imtina etmək cəhdidir”.

Parlament üzvünün sözlərinə görə, elə bir həll modeli tapılmalıdır ki, bölgəyə davamlı sülh, sabitlik və rifah gətirsin:

“Əks halda istənilən sülh razılaşması kövrək xarakter daşıyacaq. Davamlı və möhkəm sülhün əldə edilməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İndiki halda bunun alternativi yoxdur”.