“Prezidentin regionlara səfərindən sonra yeni vəzifələr müəyyənləşdirilir”

"Bütün bunlar dövlət başçısının bütün regionların inkişafına eyni səviyyədə doğma münasibətinin göstərisidir”

“Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” ilə əlaqədar bir neçə rayonda tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin açılışını reallaşdırıb, görülən işlərin keyfiyyətinə nəzarət edib. Eyni zamanda yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanıb”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, həmişə olduğu kimi, bu dəfə də ölkə başçısının respublikanın şimal-qərb qapısı sayılan Balakən rayonuna səfəri əlamətdar hadisələrlə tarixə düşüb: 

““ASAN” xidmətin regional mərkəzi, 320 yerlik Uşaq İncəsənət məktəbi, “Azərişıq” Açıq Səhmdar cəmiyyətinin, Balakən Avtomatik idarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara cavab verməklə, özünəməxsus memarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir. Son illər ölkəmizin bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, ölkəmiz dünyada 34-cü yeri tutub. İnsan həyatının keyfiyyət meyarları arasında yol infrastrukturunun xüsusi çəkisi var. Bütün bunları nəzərə alan cənab prezident sistemli şəkildə kəndarası yolların yenidən tikilməsi barədə sərəncamlar imzalayır. Hər sərəncamın televiziya və KİV-lər vasitəsilə elan olunması isə o bölgələrdə yaşayan on minlərlə insanın sevincinə səbəb olur. Dəfələrlə müxtəlif insanların bir-birini təbrik etməsinin, ölkə başçısına minnətdarlıq etdiklərinin şahidi olmuşam”.

Parlament üzvü vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində Balakən rayonunda çoxsaylı layihələr icra olunub: 

“Hər dəfə baş tutan səfərlərdən sonra yeni vəzifələr müəyyənləşdirilir. Bütün bunlar yerləşdiyi coğrafi ərazidən asılı olmayaraq, dövlət başçısının bütün regionların inkişafına eyni səviyyədə doğma münasibətinin göstərisidir. Milli Məclisdə Balakən rayonunu təmsil edən deputat kimi, göstərdiyi bu qayğıya görə, Balakənlilər adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm”.