Media eksperti aparıcını QINADI: “Mən onu aciz hesab edirəm”

“Ən sadə həqiqətləri belə, bilmir”

“Auditoriyanı günahlandırmaq əvəzinə, özünü tənqid etməlidir. Belə olsa, həll yolu da tapılar

 “...Dünya musiqisindən danışaram. Gəlin, danışaq. Amma o, tamaşaçı üçün, vallah, maraqsızdır. Əgər belədirsə, mənim reytinqim niyə düşdü oldu sıfır tam neçə? Amma “Sevimli şou”da 11, 12 reytinq verirdim, 8-9 sponsor um varıydı...”.

 Bu sözləri aparıcı Mikayıl Güləddinoğlu “Xəzər tv”in efirindəki “5-də 5” verilişində deyib. Yəni, həqiqətən də, yeganə müqəssir tamaşaçıdır? Bəlkə, aparıcılar, xüsusilə qeyri-ixtisas sahibləri jurnalistikanın maarifləndirmə və məlumatlandırma funksiyalarını tamamilə unudaraq, ancaq əyləndirməyə kökləniblər? 

 Tanınmış media eksperti Zeynal Məmmədli aparıcının bu sözləri barədə “Sherg.az”a münasibət bildirib:

 “Televiziya qavrayışla bağlı olduğu üçün qaldırılan problem də anlaşıqlı olmalıdır. Bu anlaşıqlığı isə maraqlılıq təmin edir. Xüsusilə televiziya proqramlarında ağıl və duyğu vəhdətdə nəzərə alınmalıdır. 

Çoxu auditoriyanın zövqsüzlüyündən, savadsızlığından danışır. Bu, nə qədər həqiqət olsa da, bir o qədər də bəhanədir. Mən sizi inanıdırım, BBC-nin elə proqramları var ki, ən savadsız adamlar da onları izləyir. Niyə? Çünki peşəkardırlar. Əyləncədən istifadə edərək bilgiləndirməyi, maarifləndirməyi bacarırlar.

Əlbəttə, bunu bacarmaq, doğru kompozisiya, düzgün müsahiblər tapmaq asan deyil. Əksinə, böyük zəhmət və maliyyə tələb edir. Amma gərək professional olasan. Mən bu sitatına görə, haqqında danışdığınız aparıcını aciz hesab edirəm.

Çünki o, ən sadə həqiqətləri belə, bilmir. Auditoriyanı günahlandırmaq əvəzinə, özünü tənqid etməlidir. Belə olsa, həll yolu da tapılar”.