“Əttökən seriallara görə narahat olmağa dəyməz” - Efir məkanı təmizlənir? 

“Azərbaycan seriallarının səviyyəsinin aşağı olması uzun zamandır ən çox müzakirə olunan problemlərdən biridir”. 

Bunu “Sherg.az”a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.

JAM sədri bildirib ki, o, bir tamaşaçı kimi efir məkanının zibillənməsinin əleyhinədir: 

“İctimai əhəmiyyəti olmayan, cəmiyyətə müsbət mesaj verməyən ekran əsərlərinin ayaq tutub yeriməsi təəssüf doğurur. Bu kontekstdən baxanda, daha səviyyəli serialların çəkilməsi arzuediləndir. İnsaf naminə son illər serial sektorunda müsbət dəyişikliklər baş verib.

Əvvəllər olduğu kimi taksi sürücülərini, yoldan keçən adamları kütləvi şəkildə seriallara çəkmirlər.

Bu tendensiya davam etməlidir. Ümid edək ki, Şuranın qərarı bu sektorda sağlam rəqabət mühitinin yaranmasına təkan verəcək. Rəqabət olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Rəqabət mühitində əttökən serialların sıradan çıxmasına görə narahat olmağa dəyməz”. 

S.Verdizadənin fikrincə, rejissorlarımız daha yaxşı seriallar çəkmək barədə düşünməlidir: 

“Aydın məsələdir ki, ölkəmizdə serial çəkməklə bağlı zəngin ənənə yoxdur. Amma bu, o demək deyil ki, biz heç vaxt yaxşı serial çəkməməliyik. Bir halda ki, dünyada seriallara böyük maraq var, üstəlik, ortaya yaxşı sənət nümunəsi çıxara bilirlər, çalışıb yüksək keyfiyyətli yerli seriallar da çəkməlidirlər. Ölkənin qapılarını mədəni dünyanın üzünə bağlayıb, öz darısqal dünyamızda vurnuxmağın mənası yoxdur. Üzərimizə düşən vəzifələri layiqincə icra edə bilsək, heç bir qadağaya ehtiyac olmaz”. 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi müzakirə olunub. Danışıqlardan sonra sentyabr ayının 1-dən xarici serialların yayımına bəzi şərtlərlə razılıq verilib. Bundan sonra əcnəbi seriallar yalnız 23.00-07.00 vaxt aralığında, tam dublyaj olunmuş formada nümayiş oluna biləcək.