Seroloji testlər mübarizənin növbəti mərhələsidir

"Hökumət ona görə yetərincə vəsait xərcləyir ki, gələcəkdə daha çətin sınaqlarla üz-üzə qalmasın"

Koronavirus infeksiyası ilə bağlı ümidverici vəziyyətdəyik. Statistik rəqəmlər virusa yoluxma sayında müsbətə doğru əhəmiyyətli dəyişiklik olduğunu göstərir. Yoluxma sayı getdikcə azalır, sağalanların sayı artır, vəfat edənlərin sayı da cüzidir. 
Avqustun 13-nə olan məlumatlara görə, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ümumilikdə isə indiyədək ölkədə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, aktiv xəstə sayı 2 269 nəfərdir.

Ötən sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.
Bu rəqəmlər hamının çöhrəsinə sevinc gətirir, əlbəttə. Azərbaycan hökuməti, Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasına qarşı mübarizədə atılan doğru, məqsədyönlü addımlar, həyata keçirilən operativ tədbirlər sayəsində dünyanı silkələyən pandemiyadan az itki ilə çıxmağı bacarır. Ümid edirik ki, pandemiya sona çatanadək də belə olacaq. Bunun üçün dövlətimiz gərəkən tədbirləri icra etməkdə israrlıdır. Belə tədbirlərdən biri də əhali qrupları arasında seroloji testlərin keçirilməsidir. Bu barədə bir müddət öncə də məlumat verilmişdi, əhalinin koronavirus infeksiyası ilə bağlı qan analizləri alınacağı bildirilmişdi. Koronavirusla mübarizənin sonrakı mərhələsi üçün seroloji testlərin aparılması hazırda dünyada qəbul olunan və vacib hesab edilən üsuldur.    

Dünya ölkələri COVİD-19-la mübarizəni nəinki başa vurmayıb, əksinə, virusun növbəti – ikinci dalğasının ola biləcəyindən narahatlıq keçirir. İkinci dalğanın mümkünlüyünü ehtimal edənlər də var, etməyənlər də. Koronavirusla bağlı dünyadakı vəziyyətə baxsaq, rəqəmlər o qədər də ürəkaçan deyil. 
Pandemiyanın statistikasını aparan "Worldometer" saytında belə məlumat yerləşdirilib ki, dünyada sutka ərzində 8 mindən çox yoluxma halı aşkarlanıb, 846 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 20 806 248 nəfərə, ölənlərin sayı isə 747 257 nəfərə çatıb. Eyni zamanda, 13,7 milyondan çox insan COVİD-19 xəstəliyindən sağalıb, 6 354 945 xəstənin müalicəsi davam edir.
Deməli, təhlükə realdır və belə şəraitdə arxayınlaşmaq müharibədə səngərin nəzarətsiz qalmasına bənzəyər. Bunun isə məğlubiyyətə aparacağını təxmin etmək çətin deyil. Növbəti həftə keçirilməsinə başlanılacaq seroloji testlər də təhlükəni qabaqlamaq niyyəti daşıyır. Və bu, dövlət əhəmiyyətli bir məsələdir.      

Seroloji testlər əhalinin qorunması üçündür

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, Azərbaycanda əhali arasında SARS CoV-2 virusuna qarşı seroloji testin keçirilməsinə ehtiyac var. Trend-ə açıqlamasında V.Əliyev qeyd edib ki, testlər insanlar arasında kütləvi şəkildə aparılmayacaq. Bu analizlər yalnız təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq:
- Seroloji testlərin aparılmasında məqsəd əhalinin COVİD-19 xəstəliyinə səbəb olan SARS CoV-2 virusuna qarşı immunitetinin yaranma vəziyyətini öyrənməkdir. Bunun əsasında müəyyən ediləcək ki, ölkədə nə qədər insan daha öncədən bu xəstəliyi keçirib. Əhalinin nə qədər hissəsinin bu virusa yoluxmasını bilmək lazımdır, çünki insanların çox hissəsi bu xəstəliyi asimptomatik (əlamətlərsiz) şəkildə keçirir.
Bu təcrübənin digər ölkələrdə də tətbiq edildiyini vurğulayan V.Əliyev qeyd edib ki, seroloji testlərlə bağlı aparılan tədqiqatların nəticəsi gələcəkdə karantin rejiminin sərtləşdirilməsi, yumşaldılması ilə bağlı qərarların qəbulu zamanı gərəkli ola bilər.

V.Əliyev deyib ki, koronavirusa yoluxduqda insan orqanizmində yaranan immunitet müvəqqəti immunitet olur:

- Virusa yoluxanların 3 ay ərzində bu virusa təkrar yoluxmaması barədə dəqiq məlumatlar var. Amma 6 aya qədər də təkrar yoluxma faktının olması baş verməyib.

Bu da qeyd olunur ki, Azərbaycanda SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb.

Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın "EUROIMMUN" şirkətinin istehsalı olan reaktivlərlə aparılacaq.

Test üçün vətəndaşın razılığı olmalıdır Testlər ödənişsizdir

"Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mübarizədə növbəti həftədən seroloji testlərin keçirilməsinə başlanılacaq". 
Tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova da növbəti həftədən seroloji testlərin keçiriləcəyini anons edib və vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib. Q.Ələkbərova bildirib ki, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq:  

- Həmin şəxslərə zəng etdikdən sonra, razılaşdıqları halda qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət həmin şəxslərin evinə yaxınlaşıb qan nümunələri götürəcəklər. Layihənin məqsədi əhali arasında COVİD-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.

Bəzi şəxslər koronavirusu asimptomatik keçirir. Yəni, həmin şəxsin heç bir xəbəri olmur ki, bu xəstəliyi keçirib, ya yox. Testlər vasitəsilə yoxlanılacaq ki, həmin şəxslərdə xəstəliyə qarşı immunitet formalaşıb, yoxsa yox.

Q.Ələkbərova qeyd edib ki, layihəyə Bakı şəhərindən başlanılacaq: "Bakıda 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Analizlər tam təmənnasız götürüləcək. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək".
Q.Ələkbərova bildirib ki, testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq: "Bu şəxslər təsadüfi seçilənlərdir. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil”.

İşçi qrupun rəhbəri vurğulayıb ki, ABŞ-ın FDA qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq: "Bu testlərin spesifikliyi ondadır ki, yanlışlıq dərəcəsi çox aşağıdır, 100 faizdir, həssaslığı isə 90-96 faiz arasındadır”. 

“Bu, çox yaxşı kampaniyadır”

Həkim-pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında seroloji testlərin koronavirusla mübarizədə böyük əhəməyyət daşıdığını dedi: - Seroloji testlər faydalıdır. Tibb o qədər inkişaf edib ki, qanın müayinəsi nəticəsində insanın virusa yoluxub-yoluxmadığı məlum olur. Neçə müddətdir müşahidə edirik ki, bəzi insanlar koronavirus infeksiyasını simptomsuz keçirir. Zahirən heç bir əlamət özünü göstərmir. Amma ən böyük problem və koronavirus xəstəliyini dəhşətli edən budur ki, daşıyıcı olduğun halda, sənə şiddətli təsir göstərmir, səni əldən salmır, yüngül soyuqdəymə kimi keçirirsən, sağalırsan, amma başqasını yoluxdurursan və o adam xəstəliyi çətin keçirir, Allah eləməmiş, hətta ölüm halları da olur. Bu seroloji testlər nəticəsində isə insanın virusa yoluxub-yoluxmadığı bilinəcək, həmçinin, virusa yoluxmuş insanlarda xəstəliyə qarşı nə dərəcədə immunitet formalaşdığı da bilinəcək. Seroloji testlərin keçirilməsində əsas məqsəd əhali arasında immunitetin hansı dərəcədə formalaşdığının müəyyən olunmasıdır.

Bu müəyyən edildikdə artıq gələcək üçün proqnoz vermək də mümkün olacaq. Bilinəcək ki, nə qədər vətəndaşımızda immunitet formalaşıb. Bu bizə növbəti addımlarımızı atmaqda və virusla mübarizədə hansı tədbirlərin icrasına ehtiyac var, onları müəyyənləşdirməkdə kömək edəcək. Bilmirik, “ikinci dalğa” olacaq, olmayacaq. Allah eləməmiş, olarsa, artıq hansı tədbirlər görülməlidir, bilinəcək. Yoluxma nə qədər insanı əhatə edəcək, bunun da proqnozu mümkün olacaq. Bu işlər hökumətin düzgün qərarlar verməsinə də yardım edir. Əldə konkret göstəricilər olanda, düzgün qərarlar verilir. Hökumət testlərin alınmasına ona görə yetərincə vəsait xərcləyir ki, gələcəkdə daha çətin sınaqlarla üz-üzə qalmasın. Ümid edək ki, bu bəladan birlikdə vətəndaş-dövlət birliyi ilə çıxacağıq.  

“Seroloji testlər pandemiya ilə mübarizə strategiyasının bir hissəsidir”

Millət vəkili Anar Məmmədov isə “Sherg.az”a bildirib ki, bu gün koronavirusla mübarizədə dövlətlərin apardığı mübarizə metodlarına, sərt qaydalara, sosial izolyasiya tədbirlərinə baxmayaraq səkkiz aydır virusun yayılmasını lokallaşdırmaq mümkün olmayıb. Proseslərin gedişi də göstərdi ki, situasiya yeni bir yanaşma və daha ciddi addımlar tələb edir:

- Hətta daha yüksək inkişafa nail olmuş dünya dövlətlərinin özündə belə bu virusla mübarizədə çaşqınlıq yarandı. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Cenevrədə keçirilən brifinqdə koronavirusa yoluxma hallarının sayının bu həftə 20 milyona, ölüm hallarının sayının isə 750 minə çatacağını proqnozlaşdırıb. ÜST rəhbəri bir daha vurğuladı ki, pandemiya ilə səmərəli mübarizədə iki element son dərəcə vacibdir - liderlər tərəfindən qətiyyətli tədbirlərin görülməsi və vətəndaşlar tərəfindən onlara dəstək verilməsi.

Parlamentarinin qənaətincə, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi məqsədilə seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir hissəsidir:

- Çünki bu testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. Müqayisə üçün deyə bilərik ki, artıq əhalisi virusa ən çox yoluxan şəhərlərdə - Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrədə 153 min nəfər anticisim testindən keçirilib. Buna görə də düşünürəm ki, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.