"İnsan amili dövlət siyasətinin ana xəttini təşkil edir"

“Hökumət çalışır ki, koronavirus bəlası insanlarımızın sağlamlığına, iqtisadiyyatımıza böyük zərbələr vurmasın. 6 aya yaxın dövr ərzində  görülən  tədbirlər də bu məqsədə xidmət edir”. 

Bu sözləri “Sherg.az”a millət vəkili Eldəniz Səlimov deyib. 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin son videoformat şəklində keçirdiyi müşavirədə qeyd etdiyi kimi, ötən dövrdə təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib: 

“Aprel-may aylarında 600 min, iyun ayında isə 290 min insana birdəfəlik yardım verilib. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq sosial dəstək və məşğulluq tədbirlərinin həyata keçirilməsi davamlılığı ilə diqqət çəkir. Dövlətimiz atdığı addımları ilə hər zaman vətəndaşının yanında olduğunu təsdiqləyir. Bir sözlə, insan amili dövlət siyasətinin ana xəttini təşkil edir. Cənab İlham Əliyev son müşavirədə insanların sağlamlığının və sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu önə çəkərək bu məqamı xüsusi qeyd edib. Bu iki vəzifəni yerinə yetirmək üçün iqtisadiyyatın dayanıqlılığının təmin olunması vacibdir. Bununla bağlı aidiyyəti qurumlara, dövlət şirkətlərinə və müəssisələrə tapşırıqlar verilib. Göründüyü kimi, dövlət başçısı ən çətin anlarda belə kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Zamanın, dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemində təkmilləşmə davamlı inkişafı şərtləndirir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da bu istiqamətdə atılan növbəti  addımdır”.