“İdarəetmədə milli kadrlara daha çox önəm verilməlidir” - AÇIQLAMA

"Yeni kadrların biliyi, bacarığı və vətən sevgisi yüksək səviyyədə olmalıdır”

“Rəhbərlər kadr seçərkən vətənə və dövlətə sədaqətli insanları önə çəkilməlidirlər”


Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon İcra Hakimiyyətlərinə yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib,  onlara tapşırıq və tövsiyyələrini verib. Prezident çıxışında qeyd edib ki, kadr siyasətində gərək düzgün addımlar atılsın:

“Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətlə insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər insanlar, milli ruhda tərbiyə alanlar, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”. 

Prezidentin çıxışına dair fikirlərini “Sherg.az”la bölüşən  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, kadr siyasətində ciddi pozuntular var və mühüm addımların atılması zəruridir. Onun sözlərinə görə, ölkənin bütövlükdə idarə edilməsində milli kadrlara daha çox önəm verilməlidir: 

"Cənab Prezident kadr siyasəti ilə bağlı son çıxışında mühüm məsələlərə toxundu. O doğru vurğuladı ki, yeni kadrlar seçərkən rəhbərlər ilk növbədə vətənə və dövlətə sədaqətli insanları önə çəkilməlidirlər. Yəni  kadr seçimi zamanı başlıca olaraq  ölkənin və xalqın maraqları nəzərə alınmalıdır. Eyni zamanda seçim zamanı yüksək peşəkarlıq, yüksək mədəni davranış nümayiş etdirilməlidir. Bu mənim qohum-əqrəbamdır deyə, onu vəzifələrə çəkmək yalnış məsələdir. Bu bütövlükdə idarəetmə sisteminin nasazlığına gətirib çıxara bilər". 

Ə.Nuriyev vurğulayıb ki, bu gün ölkəmizdə kadr seçimi zamanı peşəkarlıqdan daha çox qohumluq əlaqələri üstün tutulur: 

"Əgər sən vəzifəli şəxsin qohumusansa, yüksək vəzifələrə təyin oluna bilərsən. Bundan başqa, o da acı reallıqdır ki, ölkəmizdə vəzifələr satın alınır. Yəni kimin pulu var vəzifələrə o şəxslər təyin edilirlər.

Əlbəttə ki, dövlət qulluğu məsələlərində dövlət qanunları ilə bunlar tənzimlənir və hazırda ölkədə dövlət qulluğuna qəbul tam şəffaf şəkildə həyata keçirilir. Təbii ki, digər vəzifələrin təyinatı zamanı da bu tələblərə tam əməl edilməlidir, yalnız konstitusiya ilə bağlı müəyyən edilmiş vəzifələrdən başqa".

 İdarəetmənin təkmilləşdirilməsi zamanı innovativ mexanizmin tətbiq edilməsinin, eyni zamanda idarəetmələrə yeni nəsil kadrların gətirilməsinin vacibliyini diqqətə çatdıran ekspert hesab edir ki, bu, çox mühüm məsələdir: 

"Hər şeydən öncə yeni kadrlar rəqabət qabiliyyətli olmalıdır. İlk olaraq, onların biliyi, bacarığı və vətən sevgisi yüksək səviyyədə olmalıdır. Ölkə başçısı son çıxışında da qeyd edib ki, xarici ölkələrə təyin olunan diplomatik nümayəndələr bəzi hallarda həmin ölkənin nümayəndəsi kimi çıxış edirlər.

Bəziləri çox ciddi səhvlərə yol verirlər və yaxud da orada bizneslə məşğuldurlar. Nəzərə alınmalıdır ki, ölkədə həyati əhəmiyyətə malik qərarların qəbul edilməsində rolu olan  vəzifəli şəxslərin  xaricdə əmlakı ola bilməz.

Həmçinin onların orada vəsait yerləşdirilməsinə qadağa tətbiq edilməlidir. Hər il gəlirləri və xərcləri barədə mütləq şəkildə deklarasiya verilməlidir. Məlum addım onların gəlirlərininin dinamikasının aydın şəkildə izlənməsinə şərait yarada bilər ki, bunlar da korrupsiyaya qarşı görülmüş çox ciddi tədbirlərdir".