“Lotu Quli”nin taxt-tacı uğrunda 63 "oğru" mübarizə aparır


"Bu cür mövqe savaşları, toqquşmalar soydaşlarımızdan yan keçir, yəni birbaşa onlara dəxli yoxdur"

"Sadəcə olaraq bundan sonra pulu “x” yox, “y” alacaq. Oyunun qaydaları qətiyyən dəyişməcəyək"


Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlə yetirilməsindən sonra “oğru dünyası”nda yeni liderin kimliyi barədə müzakirələr başlayıb. Ehtimallara görə, yaxında təzə lideri müəyyən etmək üçün kriminal avtoritetlərin iştirakı ilə “sxodka” keçiriləcək. Lotu Qulinin ölümündən sonra tərəflərin bir-birinə qarşı amansız olacağı deyilir. Türkiyədəki 4 il fərqlə baş verən qətllər ümumilikdə azərbaycanlı qanuni oğrular arasında uçurumu dərinləşdirib. Halbuki, Aslan Usoyandan (Ded Xasan) sonra “nömrə bir” olmağı arzulayan və buna cəhdlər edən, hazırda həbsdə olan Şakro Maladoy (Zaxari Kalaşov) da Lotu Qulinin güclü düşmənləri sırasında idi və azərbaycanlı qanuni oğrunu yolunda maneə kimi görürdü. Ondan başqa, Suxumi klanının rəhbərləri Taro və Merab Canqveladze ilə də Lotu Quli arasında fikir ayrılığı daim özünü göstərib və ikincinin qətlindən sonra meydanın məhz onlara qalacağı deyilir.

Deyilənə görə, Lotu Qulinin böyük təsir dairəsi olub və onun yerinə iddialılar geniş meydanı əllərində cəmləşdirməyə can atırlar. Ded Xasanın yaxın qohumu, kriminal aləmdə Qiya Sverdlovski kimi tanınan Georqi Akoev, “Avto” kimi tanınan Avtandil Kobeşavidze və çeçen Əhməd Dombayev də Lotu Qulinin yerinə iddialı “oğrular” arasındadır. N.Səlifovun qətlindən sonra tutduğu mövqeyə sahiblənə biləcək azərbaycanlı qanuni oğrular sırasında qardaşı Namiq Səlifovun da adı çəkilir. Namiq Səlifova 2013-cü ildə “qanuni oğru” statusu verilib. 

Kriminalist Mixail İqnatov Lotu Quli cinayətinin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmalarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir: “Düşünürəm ki, bu qətl ən çox elə “Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu  olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. “Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşdırdı və başının arxasından vuruldu”.

Bəzi şəxslərin iddiasına görə, Lotu Qulinin qətlindən sonra Rusiya və başqa ölkələrdə işləyən azərbaycanlılara məxsus ticarət obyektlərinə təhlükə yaranacaq. Hətta soydaşlarımızın digər millətlərə xas “oğrular” tərəfindən sıxışdırılacağı da deyilir. 



Lotu Qulinin ölümünün ardınca müzakirə olunan məsələlərlə bağlı “Şərq”ə danışan araşdırmaçı-jurnalist Elçin Alıoğlu deyib ki, Nadir Səlifovun sui-qəsdə məruz qalmasından sonra xarici ölkələrdə, xüsusən Rusiyada müxtəlif sahələrdə çalışan azərbaycanlıların taleyinin nə olacağı sualı merkantil səslənir. Onun fikrincə, əgər Rusiyada və ya başqa ölkədə belə problem varsa, deməli, həmin ölkənin hüquq-mühafizə orqanları öz işlərinin öhdəsindən gəlmirlər:

“Heç bir bazara, ticarət müəssisəsinə, topdansatış və ya pərakəndə satış obyektinə kriminal aləm nüfuz etməməlidir. Məsələnin praktik tərəfinə gəldikdə isə vurğulamaq lazımdır ki, Nadir Səlifovun həyatı özünütəsdiqlə keçib. O, daim nüfuz savaşı adlanan pul bölgüsünü ələ keçirməyə çalışıb. Söhbət 10 milyard dollarlıq pul dövriyyəsindən gedir. Bu pul dövriyəsi bütün vergilərdən yayınır. Dövlətin nəzarətində deyil və Rusiyadakı qara iqtisadiyyatın bel sütununu təşkil edir.

Sadəcə Moskvada 18 bazara nəzarəti əldə etmiş kriminal strukturlar hər ay 6,8 milyard dollar nağd pulu xaricə çıxarırlar. Bu, təsdiqlənmiş faktdır. Nadir Səlifovun ölümü Rusiyada kiçik və orta sahibkarlıqla məşğul olan təxminən 348 min 600 nəfər azərbaycanlının vəziyyətinə necə təsir göstərəcək? Məncə, yaxşı təsir etməyəcək. Bu, birmənalıdır.

Çünki Nadir Səlifovun taxt-tacı uğrunda 63 “oğru” mübarizə aparır. 63 “oğru” 8 dəstədə birləşib. Subyektiv fikrimcə, Nadir Səlifovun qətlində Rövşən Canıyevin ( Lənkəranski - red) tərəfdarlarını suçlamaq, bizim bu yöndə düşünməyimiz üçün ortaya atılmış bir senaridir. Əslində N.Səlifovun qətlinin sifarişi Rusiyadakı kriminal strukturlarda söz sahibi Şakro Molodoy (Zaxari Kalaşov) ləqəbli “oğru” tərəfindən verilib.

Söhbət təkcə Moskvada yox, Yekaterinburq və Sverdlovsk vilayətlərindəki bazarlara nəzarətdən gedir. Burada qara pulların illik dövriyyəsi təxminən 12-13 milyard dollar təşkil edir. Həmin kriminal strukturlar öz pullarını neçə illərdir leqallaşdırmağa çalışırlar, müxtəlif biznes strukturlarına, şirkətlərə pul yatırırlar. Nadir Səlifov bu cür pullara nəzarət edirdi”. 

E.Alıoğlunun qənaətincə, nüfuz savaşı uğrunda təkcə gürcülər deyil, müxtəlif millətlərin nümayəndəsi olan “oğru beynəlmiləli” mübarizə aparır:

“Fərqli dəstələr arasında çox amansız rəqabət başlayıb. Əlbəttə, kiçik və orta statistik azərbaycanlının həyatında ciddi dəyişikliyin olacağını düşünmürəm. Çünki “oğru aləmi”ndə milli mənsubiyyət məsələsi yoxdur. Milli mənsubiyyət məsələsini qabardanlar bu “aləm”in yazılmamış qanunlarına qarşı çıxırlar. Burada sadəcə bir maraq var və o marağı emosiya və romantika ilə pərdələyirlər. Halbuki sırf maddi münasibətlərdən söhbət gedir. Digər məqamlar isə azadlıqdan məhkumetmə müəssisələrində inadkarlıq, boyun əyməmə metodologiyasına əsaslanır. Qanunları heçə saymaq, əməl etməmək, “məğrur” və “əyilməz” obrazından bu aləmə gəlirlər. Nadir Səlifov uzun müddət həbsdə yatıb. Çox sərt və radikal addımlar atan N.Səlifov biznesə sintezə olunmuş bir “oğru” idi”. 

Jurnalist bildirib ki, Rusiya hüquq-mühafizə orqanları nəhayət öz işlərinin öhdəsindən gəlməli, cinayətkar aləmlə əlaqələrinə son qoymalıdır:

“Rusiya vilayətlərində, federal bölgələrdə elə polis generalları var ki, onların varidatı oliqarxlarla müqayisə oluna bilər. Bu da birbaşa “oğru” aləmi ilə sintez olunmuş güclü əməkdaşlıqdan əldə edilmiş pullar hesabınadır. Onların pulları müsadirə olunanda məbləğlə deyil, kiloqramlarla hesablanır. Pulları yük maşını ilə daşıyırlar. Rusiyadakı azərbaycanlıların ciddi narahatlığına ehtiyac yoxdur. Bu cür mövqe savaşları, toqquşmalar soydaşlarımızdan yan keçir, yəni birbaşa onlara dəxli yoxdur. Sadəcə olaraq bundan sonra pulu “x” yox, “y” alacaq. Oyunun qaydaları qətiyyən dəyişməcəyək”. 

E.Alıoğlu "azərbaycanlı “oğru”nun yerini digər bir azərbaycanlı tuta biləcəkmi" sualını bu cür cavablandırıb: “Hazırda Nadir Səlifovu əvəzləyəcək bir adam üfiqdə görünmür.

Düzdür, Azərbaycanın kriminal aləmində xeyli tanınmış avtoritetlər var. Rusiyanın kriminal aləmində nüfuz və söz sahibi olan adamlar var. Lakin Nadir Səlifovun yaratdığı konqlomeratı bərpa edəcək ikinci adam tanımıram. Hələlik belə şəxs yoxdur və nə zaman peyda olacağı bilinmir. Bəlkə də var, amma üzə çıxmır. Bu aləm sətiraltı sözlərlə, müxtəlif çalarlı ifadələrlə idarə olunur”.