Başqa çarəmiz yox, bütün dünyada vəziyyət eynidir

Əzadarlıq mərasimləri yalnız və yalnız ev şəraitində icra olunmalıdır

Koronavirus pandemiyası səbəbindən məscidlər bağlıdır. Bu səbəbdən Məhərrəm ayında din xadimləri canlı yayımlar vasitəsilə insanlara müraciət edirlər. Dini ayinlər sosial şəbəkələr üzərindən canlı yayım vasitəsilə icra olunur və insanlar evlərindən həmin mərasimlərə qoşulurlar. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin məlumatına görə, Ramazan ayı boyunca da bu metoddan istifadə olunub. Onun sözlərinə görə, Məhərrəm ayının ilk günlərindən din xadimlərinin çıxışları, xütbələri sosial şəbəkələrdə yayımlanır: “Aşura günü də bu şəkildə davam edəcək.

Mən özüm də artıq sosial şəbəkə üzərindən çıxış etmişəm. İnsanlar tərəfindən maraq böyükdür, qoşulan insanların sayı çoxdur”. Məlum olduğu kimi avqustun 21-dən Məhərrəmlik başlayıb, ayın 30-u isə Aşura günüdür. Pandemiyanın geniş yayılması üçün Aşura da daxil olmaqla Məhərrəmlik boyunca dini mərasimlərin keçirilməsi məqsədəuyğun sayılmır. Mərasimlər din xadimlərinin rəhbərliyi ilə sosial şəbəkə üzərindən həyata keçirilir. 

Tətbiq olunan yeni metodu “Şərq”ə dəyərləndirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin əməkdaşı Ağa Səid Yaqubov həmkarı Hacı Şahin Həsənlinin gündəmə gətirdiyi məsələni dəstəklədiyini bildirib. İlahiyyatçı vurğulayıb ki, indiki şəraitdə ümid sosial şəbəkələrə qalıb:

“Məhərrəmliyin 6-cı günü geridə qalıb. Bu müddət ərzində fikirlərimiz məhz sosial şəbəkə vasitəsi ilə insanlara çatdırılıb. Nəzərə alaq ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı digər dini ayinlərdən daha geniş arealı əhatə edir. İmam Hüseyn əzadarlığı xalqın adət-ənənəsinə çevrilmiş bir dini ayindir. Bu ayini təkcə din daşıyıcıları, namaz qılıb, oruc tutan insanlar deyil, bütün inanclı şəxslər qeyd edirlər.

Ancaq böyük kütləni əzadarlıq mərasimlərində iştirakdan çəkindirmək asan başa gəlmir və ilahiyyatçıları çətinliyə salır. Din daşıyıcıları ilə inanclı şəxsləri düzgün dəyərləndirmək lazımdır. İnanclı adamlar din xadimlərinin bəzi təlimatları qəbul etmək istəmirlər, birmənalı qarşılamırlar. Rayonlarda, yerlərdə insanlarla mütəmadi maraqlanırıq. Səlahiyyətli nümayəndələr, imamlarla sıx əlaqə saxlayırıq.

Xatırladım ki, onlayn sistemdən distant təhsil üçün də istifadə olunur. Hamımız gördük ki, rayonlarda internet resursları və sosial şəbəkələrdən istifadə ilə bağlı müəyyən problemlər yarandı. Eyniylə Məhərrəmlik ayı ərzində də sosial şəbəkə üzərindən ayinlər icra olunur. Amma kütlənin hər fərdi internetdən tam yararlana bilmədiyi üçün bölgələrdə bəzi şəxslər incik düşürlər.

İmam Hüseyn əzadarlığı xalqın bəlli bir təbəqəsi üçün nəzərdə tutulmayıb ki, sadəcə onlara üzümüzü tutub izah edək ki, bu formada keçirsinlər. Yetkinlik yaşına çatmış cavanlardan tutmuş, ahıl insanlara qədər əzadarlıq mərasimlərində iştirak edir”. 

Din xadimi vurğulayıb ki, Operativ Qərargahın verdiyi qərarların müxtəlif sahələrdə dəfələrlə pozulmasının şahidi olmuşuq. Onun sözlərinə görə, din daha həssas məsələ olduğu üçün insanlar istər-istəməz qayda pozuntularına meyilli olurlar: “Hətta İmam Hüseyn əleyhissəlam əzadarlığının keçirilməsini israrla tələb edənlər də var.

Buna baxmayaraq, bütün gücümüz və imkanlarımızla çalışırıq ki, həmvətənlərimizin İmam Hüseyn əzadarlığını sosial şəbəkə vasitəsi ilə evlərində keçirmələrini təmin edək. İstərdim ki, ictimaiyyət rəsmi qurumlar tərəfindən də daim məlumatlandırılsın. QMİ əməkdaşları olaraq Məhərrəmliyin ilk günündən mütəmadi açıqlamalar, müsahibələr veririk, proqramlarda iştirak edirik. Yerlərdəki imamlarımızın hər biri məlumatlandırılıb ki, yerli camaata durumu izah etsinlər, onları razı salsınlar.

İnsanlar əza mərasimlərindəki istəklərini sosial şəbəkələr vasitəsi ilə təmin edə bilsinlər. Sosial şəbəkədə canlı yayımlara çıxaraq insanları bilgiləndiririk. Nəzərə alaq ki, pandemiya təkcə bizdə deyil, bütün müsəlman ölkələri bu vəziyyətdədir. Əksər islam ölkəsi və müsəlmanların yaşadığı digər dövlətlərdə İmam Hüseyn əzadarlığı qeyd olunur.

Ola bilər, dünya səviyyəsində qeyd olunan bu mərasimlər hansısa ölkədə fərqli təşkil olunsun. Amma bizim ölkədə məscidlərin fəaliyyəti dayandırılıb. Ona görə də QMİ tərəfindən əzadarlıq mərasimlərinin yalnız və yalnız ev şəraitində icra olunması təklif olunur. Ötən günlər ərzində ayinləri bu şəkildə davam etdirmişik. İnşallah, qarşıdan gələn günlərdə də xalqımız bizi dinləyəcək və pandemiyanın yayılmamasına dəstək verəcək. Allah qoysa, xəstəlik aradan qalxan kimi bütün dini ayinlərimizi sərbəst şəkildə icra edərik”. 

A.Yaqubov əlavə edib ki, xalqımızın hər bir nümayəndəsi İmam Hüseyn əzadarlığını öz qəlbində daşıyır:

“İmam Hüseyn əleyhissəlam haqq-ədalət uğrunda canını fəda edib. Şəhadəti ilə bəşəriyyəti zülmə qarşı çıxmağa çağırıb, qanı ilə haqq-ədalətin möhürünü vurub. Bugünədək ədalətdən söz açılanda məhz İmam Hüseyn əleyhissəlam yada düşür. Ümummilli lider Heydər Əliyev də Təzəpir məscidində deyirdi ki, Həzrəti Hüseyn haqq-ədalət uğrunda şəhid olub”.