Vahid qiymətlər ola bilər

Ekspertlər konsepsiyanın hazırlanmasını və müzakirəsini təqdir edirlər

"Sürücülər nə qədər işləməlidir ki, evlərinə bir tikə çörək pulu aparsın. Hətta bunu sərnişinlərin özləri deyir ki, qiymət çox ucuzdur. Bütün bu məsələləri birmənalı şəkildə qaydaya salmaq lazımdır"


Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur.

Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır. Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb.

Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək. 



Konsepsiyanın əhəmiyyətini qeyd edən nəqliyyat eksperti Elməddin Muradlı taksi xidmətinin təkmilləşdirilməsi istiqamətində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən görülən işlərin koordinasiyası baxımından önəmli olduğunu  vurğulayıb. Ekspert bildirib ki, konsepsiya ilə bağlı müxtəlif rəy və təkliflər irəli sürülüb:

"İndiyə kimi taksi fəaliyyəti ilə bağlı bir sıra problemlər mövcud olmaqdadır. BNA-da bu problemlərin həlli istiqamətində belə təkliflə çıxış etdi. Konsepsiyanın hazırlanması, müzakirə edilməsi çox yaxşı haldır. Bir çox qurumlar da həmin müzakirələrdə öz təkliflərini irəli sürdü. Həmin müzakirəkilərdə mən də yaxından iştirak etdim. Bir ekspert kimi təklif etdim ki, taksi sürücülərinə qarşı bu qaydaları tətbiq etməzdən öncə onlar üçün şərait yaradılması məsələsinə baxmalıyıq. Biz bu gün sürücülərdən nələr tələb edirik? Qaydalara əməl et, sərnişinlərlə düzgün davran, bütün ünvanları əzbər yadda saxla, sifariş yerinə vaxtında çat, vergi ödə, fərqlənmə nişanı al və s. digər sosial işləri et. Amma bəs biz ona nə şərait yaradırıq? Heç nə. Taksilər saxlamağa yer tapmır. Avtobus dayanacağında saxlayır cərimə, başqa yerlərdə saxlasa yenə də cərimə. Təbii ki, onları başa düşmək lazımdır. Heç olmasa, dayanmaq üçün normal yerlərin yaradılmasına şərait yaradılmalıdır”. 

Ekspert vurğulayıb ki, ölkəmizdə taksi sürücüləri taksi şirkəti adı ilə əslində operator xidməti göstərən şirkətlərin əlində bir əsirə çevriliblər: “Nədir bu problem? Burada sürücülər istismar olunurlar. Axşam evlərinə bir tikə çörək apara bilsinlər deyə, fasiləsiz xidmət göstərmək məcburiyyətində qalırlar. Çünki qazancının müəyyən bir faizi həmin xidmət göstərən şirkətlərin əlinə keçir. 

Bu gün Azərbaycanda mənşəyi məlum olmayan taksi şirkətləri fəaliyyət göstərir. Onları birmənalı şəkildə burdan yığışdırmaq lazımdır. Düşünürəm ki, BNA-nın özünün vahid dispetçer xidməti qurulsa, bu şirkətlər də yavaş-yavaş burdan çıxmış olar. Məsələn, bir çox ölkələr başqa şirkətləri ölkələrinə buraxmırlar, öz milli şirkətlərini yaradırlar və fəaliyyət göstərirlər.

Niyə Azərbaycandan yığılan pul hansısa yad bir şirkətin cibinə getməlidir? Uber, Yandex, Maxim kimi taksi şirkətlərinin kökündə yad adamlar dayanır və  Azərbaycanda gen-bol fəaliyyət göstərirlər. Yəni bu taksi sürücülərinin günahı nədir ki, səhərdən axşama kimi zülm çəkirlər? Habelə, avtomobilinin istismar dövrü gedir, təmirə əlavə xərc lazım olur, canları əldən gedir, o cümlədən əsəb və gərginlik keçirirlər. Bunun mənasını tapmaq lazımdır ki, nə baş verir?

Azərbaycanın belə bir şirkət qurmaq üçün imkanımı yoxdur? Başqa nə problem var? Bu şirkətlər niyə buraxılırlar? Dolayı yolla yarısı rəsmi, yarısı qeyri-rəsmi formada aylıq pul alırlar.

Hətta operator taksi sürücülərinə iş təklif edir ki, sən mənə əlavə ayda 20 manat pul ver, müştəriləri sənə yönəldim. Bilirsiniz ki, qiymətlər də çox aşağıdır. Sürücülər nə qədər işləməlidir ki, evlərinə bir tikə çörək pulu aparsın. Hətta bunu sərnişinlərin özləri deyir ki, qiymət çox ucuzdur. Bütün bu məsələləri birmənalı şəkildə qaydaya salmaq lazımdır”.