Taksi sərbəst sahibkarlıq sahəsidir

Burada təbii inhisarçılıq mövcud deyil

"İctimai maraqlar üstün tutuldu, şöbə müdiri cəzalandı"

“Gün keçdi” filmində Moskvadan Bakıya ilk sevgisinin doğum gününü təbrik etməyə gələn Əsmər taksinin “13-13” nömrəsini görəndə həyəcanla “yox, yox, bu nəhs nömrədi” deməsi, unudulmayan epizoddur. Əsmər nəhs nömrənin uğursuzluq gətirəcəyindən qorxur. Neynək, bu olmasın, başqası olsun. Taksi qəhətdi məgər?!. Başqa taksiyə minirlər və aeroportdan şəhərə gəlirlər. Yolda Oqtay Əsmərə “şəhəri görmək istəyirsən?” təklifini edir, taksidən düşürlər və körpünün üzərində dayanıb şəhəri seyr edirlər (görəsən hansı körpüydü?”). Hə, maraqlı epizodun biri də, taksi sürücüsünün bu seyretmədən tıncıxıb “ay qardaş, gəl də, gecikirəm  axı!..” söyləməsidi. İndi də biz o filmə baxanda taksi sürücüsünə əsəbiləşirik ki, niyə narahatsan, pulunu ödəyəcəklər də.

Taksometr nə qədər yazacaqsa, pulunu alacaqsan. Amma o film paytaxt həyatının bir çox sahələrini işıqlandırır, həmçinin də taksi fəaliyyətinin. Məsələn, Əsmər təyyarədən düşər-düşməz, “necə bilirsən, taksi tapmaq asandı?” soruşur və bildiyimiz həmin epizodlar yaranır. Hələ, filmə damğasını vurmuş Vaqif Səmədoğlu-Emin Sabitoğlu-Flora Kərimovanın tarixləşmiş triosu:

“Bir axşam taksidən düşüb payıza, bilmədik haraya, hayana gedək…”  
Yaxşısı budu, reallığa qayıdaq. Günümüzə. Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev elə ifadələr işlədib ki, taksilərdən daha danışmaq da istəmir adam. Bu gedişlə taksiyə minməyə də insanlar deyəsən həsrət qalacaq. Təbii. Əgər Hikmət Babayevin söylədikləri gerçəkləşəcəksə. Lakin Bakı Nəqliyyat Agentliyi ictimai qınağı görüb vaxtında sakitləşdirici addım atdı. Çünki dövlət rəsmiləri bilir; Prezident xalqın, ictimaiyyətin mənafeyini heç vaxt heç nəyə güzəştə getmir.  

Taksidən hər adam istifadə edə bilməz?       
   
İctimaiyyəti narazı salan, sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olan Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksilərlə bağlı ARB telekanalına verdiyi açıqlama oldu. Nə demişdi H.Babayev? ''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma (yəni, avtobuslar - red.) mövcuddur”.

Nə demək istəyirdi hüquq şöbəsinin müdiri? Necə yəni, gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil? Aylıqmı olmalıdır, ya da, yalnız uzaq məsafələrəmi? Uzaq məsafələrə avtobuslar da işləyir. Doğrusu, H.Babayevin nəyi nəzərdə tutduğu anlaşılmır. Taksidən istifadə etmək müəyyən imkanlara bağlımı olmalıdır, yəni, adi insanlar taksidən istifadə etməsinlər, avtobusla gedib-gəlsinlər. Taksi xidmətində elə qiymət tətbiq olunmalıdır ki, hamı üçün əlçatan olmasın, yalnız imkanlı sərnişinlər istifadə etsinlər?.. Heyrətamiz düşüncədir. Buna görə də təpkilər aldı. Sosial şəbəkə istifadəçiləri gah əsəbi, gah da ironik yanaşma sərgilədilər.  

“Azərbaycan həm də sosial dövlət prinsipini mənimsəyib”

Hüquqşünas Ələsgər Məmmədli də Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayevin fikirlərini sosial şəbəkədə sərt tənqid edib:
“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" ifadəsini işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur.
Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun Konstitusiyasını xalq yaradıb.

BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:

“Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Bu kafada olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır" - deyir.
BNA rəsmisi dərk etməli idi ki, istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın”. 

Taksi fəaliyyətinin tənzimlənməsinə dair hazırlanmış layihə təklif xarakterlidir

Bakı Nəqliyyat Agentliyi isə şöbə müdirini əsassız açıqlamasına görə cəzalandırıb, həmçinin ictimaiyyəti narahat edən məsələ barəsində rəsmi mövqeyini açıqlayıb. BNA bildirir ki, taksi fəaliyyətinin tənzimlənməsinə dair hazırlanmış layihə təklif xarakterlidir və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.

Məlumatda qeyd olunur ki, layihənin həyata keçirilməsi nəticəsində, sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcək. “Qeyd edək ki, son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb. Bildiririk ki, Bakı Nəqliyyat Agentliyi daxil olan rəy və təkliflər də nəzərə alınmaqla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb. Bakı Nəqliyyat Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik”.

Rəqabət mühitinin yaranması əhaliyə də, dövlətə də xeyirdir

Hazırkı pandemiya dövründə bəzi məmurların düşünülməmiş çıxışları, açıqlamaları təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, hazırda əhali gərgin vəziyyətdədir. İş yerlərinin pandemiya təhlükəsi ilə doğru olaraq qapadılması, əlbəttə, vətəndaşların gəlirlərini azaldıb, ailə büdcəsinə əsaslı ziyan vurub. Belə şəraitdə vətəndaşların həssaslığının artması, qəbul edilən qərarlarla bəzən barışmamaq, gələcəyə, hətta insanların sağlamlığına yönəlmiş doğru qərarlara aqressiv yanaşma da təbii qarşılanmalıdır.

Azərbaycan dövləti qəbul etdiyi qərarlarda ilk növbədə vətəndaşların marağını, ictimaiyyətin istəklərini nəzərə alır, həmçinin qəbul edilən qərarların dövlət maraqları ilə ziddiyyət təşkil etməməsi də xüsusi əhəmiyyət daşıyır. Çətin şəraitdə, dövlət insanların həssaslığını nəzərə aldığı vaxt hansısa məmurun düşünülməmiş, insanlarda qıcıq doğuran açıqlama verməsi yolverilməzdir. Taksi fəaliyyəti ilə bağlı “taksilər çox ucuzdu, avtobus qiymətinədi” söyləmək hazırkı məqamda çox yersiz görünür.

Və haqlı olaraq da təpkilərlə qarşılanır. Bir halda ki, bu məsələ layihə halındadır, müzakirə olunur, oni ictimaiyyətə yanlış formada elan etmək nəyə lazımdır? Vəziyyət hər kəsə məlumdur. Son illərdə taksi fəaliyyətində canlanma var. Taksi xidməti göstərən şirkətlər çoxalıb. Əksər şirkətlər çağırışları ödənişsiz həyata keçirir, məsafədən asılı olaraq qiymət müəyyən edir. Paytaxtda əhalinin artıq tanıdığı, etibar etdiyi taksi xidməti şirkətləri var ki, münasib qiymətə sərnişin daşıyırlar. Belə şirkətlər əhalinin gəlirlərini nəzərə alır.

Nisbətən ucuz yol haqqı təyin etməklə müştəri cəlb edirlər. Bu, bazar iqtisadiyyatının başlıca seqmenti hesab edilən rəqabət mühitinin mövcudluğu deməkdir. Bundan niyə narahat olmalıyıq?

Əhalinin tələblərinin qarşılanması normal qaydada reallaşırsa, rəqabət mühiti qiymətləri müəyyənləşdirirsə, buna əksinə, sevinmək lazımdır. Dünyanın əksər ölkələrində daşıyıcı şirkətlər fəaliyyət göstərir, sərnişinlərə daha yaxşı xidmət göstərmək uğrunda rəqabət aparılır. Sağlam rəqabət ümumilikdə iqtisadiyyatın sağlam inkişafını şərtləndirmirmi? Azərbaycan dövlət siyasətində iqtisadiyyatın liberallaşdırılması aparıcı xətlərdən biridir. 

Dövlət o sahələrdə qiymətləri tənzimləyir ki, orada təbii inhisarçılıq ola bilər
      
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da taksilərdə vahid qiymət tətbiqinin yanlış olduğunu bildirib:  
- Taksi fəaliyyətində istər dispetçer mərkəzinin yaradılması, istər kvotanın müəyyənləşdirilməsi, istərsə də vahid qiymətin tətbiqi kimi məsələlərə ehtiyac yoxdur. Əgər ehtiyac olsa belə, bunlar taksi xidmətlərində nizam-intizamın yaradılması, keyfiyyətin yüksəldilməsi istiqamətində atılacaq addımların ən sonuncularıdır. İlkin addım qanuni fəaliyyətin təmin edilməsi olmalıdır. Taksi fəaliyyəti ilə peşəkar məşğul olan şəxslərin sayı dəqiqləşməlidir. Bununla da taksi fəaliyyətində leqallıq təmin olunmalıdır.

“Tənzimlənən qiymətlər haqqında” qanunda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin prinsipləri və tənzimləmənin tətbiqi dairəsi əksini tapıb. Taksi ilə sərnişindaşıma bu prinsiplərin təsiri altına düşmür və tənzimlənən qiymətlər dairəsinə aid edilmir. Təbii ki, bu, təsadüfi deyil. Çünki taksi sərbəst sahibkarlıq sahəsidir.

Burada təbii inhisarçılıq mövcud deyil. Diqqət etsək, dövlət o sahələrdə qiymətləri tənzimləyir ki, orada təbii inhisarçılıq ola bilər: qaz, su, elektrik enerjisi, benzin satışı kimi sahələr. Həmçinin, sosial həyata təsir göstərən dərman, çörəyin qiyməti, metro və avtobusda gediş haqqı kimi məsələlər tənzimlənir. Taksi xidməti bunların heç biri ilə müqayisə oluna bilməz. Yəni taksi xidməti tarifinin tənzimlənməsinin nə iqtisadi, nə də sosial əsaslandırılması var.

Həm də Bakıda pərakəndə taksi fəaliyyətinin olması tələbdən irəli gəlir. Çünki ictimai nəqliyyat yetərincə deyil. Müəyyən istiqamətlərdə avtobuslar əlçatımlı, yaxud sərnişin sıxlığına uyğun deyil. Odur ki, həmin istiqamətlərə insanların gedə biləcəyi yeganə vasitə taksilərdir. Hazırkı durumda bu amil nəzərə alınmalıdır.