Qanunsuz məskunlaşdırma sülhün yollarını bağlayır

Ermənistan danışıqlara və müzakirələrə hazır deyil

Düşmənin bütün təxribatlarına birdəfəlik son qoymağın yeganə yolu müharibədir

Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması üçün hər fürsətdən yararlanır. Yerevan hökuməti bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejimin “lideri” Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib.
Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib. Düşmən ölkə uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb. Xatırladaq ki, 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirib.

İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılıb. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülüb. Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan təbii resurslarımızın talan edilməsi, xüsusilə Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Təqdiqat zamanı məlum olur ki, Livan və Suriyadan gətirilən erməniləri işğal olunmuş Dağlıq Qarabağda, həmçinin, Kəlbəcər, Qubadlı və Laçın bölgələrində yerləşdirirlər. Nəzərə alaq ki, Livan ASALA erməni terror təşkilatının yarandığı və inkişaf etdiyi ölkədir. Ermənilərin Livana gəlişi XIX əsrin sonlarına təsadüf edir. Bu ermənilər Osmanlı sultanı II Əbdülhəmidin dövründə mərkəzi hakimiyyətə vaxtaşırı üsyan etdikləri üçün Şərqi Anadoludan sürgün ediliblər. Sürgündən sonra ermənilər Yaxın Şərqin bir çox strateji nöqtəsini, eyni zamanda Livanın Beyrut limanını özləri üçün məskən seçiblər. Qarabağ müharibəsində də terrorçuluq fəaliyyətini araşdıranda görürük ki, 1200-dən artıq soydaşımız ASALA tərəfindən öldürülüb, 1700 nəfər isə yaralanıb”. 

Ekspertlərin fikrincə, Ermənistan əhalisinin həyat şəraitinin pandemiya fonunda sürətlə ağırlaşması Nikol Paşinyanı təcili olaraq, qeyri-ordinar addımlar atmaq məcburiyyətində qoyub. Belə addımlardan biri ictimai diqqəti daxildəki sosial-iqtisadi problemlərdən yayındırmaqla bağlıdır. Yerevan işğal altındakı Azərbaycan torpaqlarında xaricdən erməni ailələrini yerləşdirməyə çalışmaqla elektoratın gözündə “uğurlu rəhbər” obrazı yaratmağa səy edir. Məsələ ondadır ki, Qarabağ müharibəsi hələ bitməyib və əməliyyatların bərpa olunacağı təqdirdə Qarabağa köçürülən ermənilər və onların obyektləri Azərbaycan Ordusunun hədəfinə düşəcək. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, ərazimizə qanunsuz şəkildə köçürülən əhalinin təhlükəsizliyinə zəmanət vermir. 

Şərhçilərə görə, Ermənistanın işğal altındakı ərazilərdə apardığı süni köçürmə siyasəti blefdir. Ən azı ona görə ki, Dağlıq Qarabağdakı şərait dünyanın dörd bir yanında ermənilərin yaşadığı yerlərdən daha pisdir. Ukraynada nəşr olunan “Şərhlər” jurnalının redaktoru, politoloq Vladimir Tsxvediani vurğulayıb ki, Livan erməniləri müasir dənizkənarı metropolun - Beyrutun sakinləridir. Qarabağ kəndləri onlar üçün, dekabristlər üçün Sibirdən də betərdir. Buna görə Qarabağı Beyrut erməniləri ilə doldurmaq real deyil. İlk fürsətdə dövlətdən vəsait qoparan gəlmə ermənilər “Hayastan”ı aldadaraq oradan qaçacaqlar. Özü də İrəvana da yox, birbaşa Parisə və ya Los-Ancelesə. Ukraynalı analitik hesab edir ki, əgər köçürülmə olacaqsa, sadəcə, terrorçular gələcək. 

Türkiyəli təhlükəsizlik eksperti Şafak Mert isə qeyd edib ki, Ermənistan Livan ermənilərini işğal altında saxladığı Dağlıq Qarabağa və ətraf rayonlara yeləşdirməklə işğalı ilhaqa çevirmək istəyir. Onun qənaətincə, Paşinyan Ermənistanın azalmaqda olan əhalisini xaricdən gətirilən ermənilər hesabına artırmağa çalışır: “Nikol Paşinyanın yürütdüyü siyasət - Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaqdır. Qarabağa Livandan, daha əvvəl isə Suriyadan gətirilib yerləşdirilən ermənilər Paşinyanın Qarabağın işğalını ilhaqa çevirmək siyasəti üçün alətdir”. Ekspert onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında son vaxtlar dərinləşən hərbi müttəfiqlik işğalçı Ermənistan üçün kabus senarisinə çevrilib. Vurğulanıb ki, düşmən ölkənin maraqlarından biri işğal altındakı torpaqlarımızı Yaxın Şərq erməniləri hesabına süni şəkildə məskunlaşdırmaq, eyni zamanda işğalçı orduya yeni muzdlular cəlb eləməkdir. Çünki Ermənistanda ciddi şəkildə çağırışçı problemi yaşanır. Ölkədəki ağır sosial-iqtisadi durum səbəbindən əli silah tutan ermənilərin xaricə köçü davam edir. Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında yürütdüyü ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşdırma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Livan hadisələri, eyni zamanda, bu yaxınlarda Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi, orada döyüş postlarını gəzib bəyanatlar verməsi bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti heç bir sülh danışıqlarına hazır deyil. İşğalçı ölkənin hakimiyyəti yalnız təxribatyönümlü əməllərə maraqlıdır. Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq cavab verməli olarsa, o zaman birbaşa məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşəcək. O baxımdan beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycana qarşı təcavüz əməllərinə görə qınaması son dərəcə vacibdir. 

Azərbaycan tərəfinin narahatlığına səbəb olan məsələ ilə bağlı “Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, ATƏT-in Minsk Qrupu mütəmadi olaraq münaqişə ilə bağlı danışıqlar prosesinin gündəliyini hazırlayır. Müraciətlərin nəticə vermədiyini əsas gətirən analitikin fikrincə, rəsmi Bakı çalışmalıdır ki, ermənilərin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti həmin gündəlikdə öz əksini tapsın:

“Ermənistan tərəfi atəşkəsdən tutmuş, ən xırda və mənasız məsələlərin həmsədrlərin gündəliyinə salınması üçün dəridən-qabıqdan çıxır. Biz də haqqımız uğrunda daha qətiyyətli və israrlı mübarizə aparmalıyıq. Burada beynəlxalq qanunların kobud şəkildə pozulmasından söhbət gedir və məsələ sadəcə bizə məxsus torpaqlarla bağlı deyil. Beynəlxalq qurumlar bu məsələyə laqeyd yanaşa bilməz, yanaşmamalıdır. Nüfuzlu təşkilatlar, xüsusən münaqişənin həlli missiyasını icra edən ATƏT-in Minsk Qrupu Ermənistana müəyyən qadağa və məhdudiyyətlər tətbiq edə bilər. Bunu tələb etməliyik. AŞ PA prosesə dolayı yolla təsir göstərə bilər, ancaq işin içində olan Minsk Qrupu bilavasitə müdaxilə etmək imkanına sahibdir. Həmsədrlik institutu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan qurumdur və işğala məruz qalmış tərəfin haqlı iradlarını nəzərə almağa borcludur. Minsk Qrupu ermənilər qarşısında beynəlxalq qanunlara əməl etmək tələbi qoymalıdır. Uzun illər münaqişənin həllinə nail ola bilmirsə, ən azından bunu etməyi bacarmalıdır. Əks halda belə bir təşkilat nəyimizə lazımdır?!”.  

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov isə “Şərq”ə bildirib ki, Ermənistan tərəfi uzun illərdir işğal olunmuş Azərbaycan torpaqlarında xarici ölkələrdə, xüsusən münaqişə ocaqlarında – İraq, Suriya, Livan, Yəmən və başqa bölgələrdə yaşayan erməni əsilli insanları yerləşdirir. Hüquq müdafiəçisinin sözlərinə görə, Yerevan hökuməti bunu dövlət siyasəti şəklində icra edir:

“Düşmən ölkə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma siyasətini müxtəlif məqsədlər üçün həyata keçirir. İlk növbədə bu addım münaqişə tərəfləri arasındakı danışıqlar prosesinə, digər tərəfdən isə beynəlxalq konvensiyalara ziddir. Azərbaycan tərəfi məsələni dəfələrlə beynəlxalq təşkilatlarda qaldırsa da, nəticə əldə etmək mümkün olmur. Ermənistan isə faktları gizlətməyə, mövzudan yayınmağa çalışır. Beynəlxalq qurumlar “üç meymun” rolunu oynayaraq susqunluq nümayiş etdirirlər. Rəsmi Bakı etinasızlığa məhəl qoymadan problemin həlli istiqamətində fəaliyyətini davam etdirir. Ancaq reallıq odur ki, işğalçı ölkəni zor tətbiq etməklə bu əməlindən çəkindirmək mümkündür”.

Ə.Şahidov vurğulayıb ki, son vaxtlar erməni rəsmilərinin açıqlamaları, düşmən tərəfindən həyata keçirilən ardıcıl təxribatlar göstərir ki, Yerevan hökuməti normal müzakirələrə hazır və bunda maraqlı deyil:

“İsrarla təcavüzkar siyasət yürüdən bir ölkədən beynəlxalq qanunlara hörmət gözləmək də əbəsdir. Düşmənin bütün təxribatlarına birdəfəlik son qoymağın yeganə yolu müharibədir. Hazırda hansısa sülh danışığından danışmaq yersizdir. Azərbaycan bundan sonra nəticəsiz danışıqlara getmək niyyətində deyil. Rəsmi Bakının səbri tükənib. Şübhə etmirik ki, şanlı ordumuz tezliklə işğal altındakı torpaqlarımızda hərbi əməliyyatlara start verəcək. Qələbədən sonra bu kimi problemlərdən söz açılmayacaq. Qarşı tərəf məğlub, məyus və tükənmiş halda rəsmi Bakının diktəsinə boyun əyəcək”