İnsanlar daha asan, daha tez iş tapacaqlar

"Yeni yaradılan platformanın əvvəlki özəl platformalardan daha çox üstünlükləri olacaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək. İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər. İşsiz və işaxtaran şəxslər platformada “Vakansiya bankı” ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.

Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.



“Elektron əmək birjası” platforması barədə "Şərq"ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, insanlar onun sayəsində daha asan və tez iş tapa biləcəklər. Ekspertin sözlərinə görə, yeni yaradılan platformanın əvvəlki özəl platformalardan daha çox üstünlükləri olacaq: 

"Artıq işaxtaranlar bu platforma sayəsində rahatlıqla qeydiyyata düşə biləcəklər. Ölkəmizdə belə bir platformanın olması çox vacibdir. Yeni platforma ciddi qeydiyyatın aparılmasında, ixtisaslar üzrə işə yönləndirilməsində vətəndaşlarımız üçün daha effektli olacaq.

O biri platformalar daha çox özəl sektora aid idi. Ona görə də işgötürənlərlə işaxtaranlar biri-birlərini görə bilirdilər.

Amma burada ümumi bir inteqrasiya olmalıdır". 

N.Cəfərli vurğulayıb ki, bunun yaradılmasında əsas məqsəd qeyri-formal məşğulluğun qarşısını almaqdır: "Burada xüsusilə, dövlətin əlində olan məlumatlar öz əksini tapacaq. Düşünürəm ki, geniş bir platforma olacaq.

Bu da insanların ilk növbədə məşğulluq imkanlarının artırılmasına köməklik edəcək. Düzdür, gələcəkdə iş aparılarkən hansısa texniki problemlərin yaşanması mümkündür.

Yəqin ki, iş prosesində müəyyən dəyişikliklər də olacaq. Ümid edirəm ki, bütün problemlərə baxmayaraq, tezliklə onun reallaşdırılması mümkün olacaq".