Gözəl təşəbbüs: Bu gün dərsə gedən məktəblilər Nuru Paşanı GÖRDÜLƏR    


Şair, tərcüməçi Akif Əhmədgil 15 sentyabr – Bakının rus bolşevikləri və erməni daşnaklarından azad olunmasının 102-ci ildöndümü münasibəti ilə gözəl bir təşəbbüsü öz imkanları ilə reallaşdırıb.

Tanınmış yazar özünə məxsus kiçik kitabxananın qarşısına Qafqaz İslam Ordusunun qəhrəman komandanı Nuru Paşanın yeni çəkilən portretini qoyub. Həmçinin, maraqlı kitabları da sərgiləyib. Şairin öz dili ilə ifadə etsək, “təkadamlıq aksiya” həm dəvət olunmuş qonaqlar, həm də orada yaşayan sakinlər tərəfindən maraqla qarşılanıb. 

15 sentyabr gününə həsr etdiyi kiçik aksiya ilə bağlı “Şərq”ə təəssüratlarını bölüşən Akif Əhmədgil bir müddət əvvəldən hazırlıq gördüyünü deyib. Lakin yazar bildirib ki, aksiya pandemiyanın şərtlərinə uyğun şəraitdə keçirilib:



“Azərbaycan-Bakı fatehi Nuru Paşanın portretini Teyyub Art adlı rəssama çəkdirmişəm. Həyətimdə balaca kitabxanam var. Adını “Kırmızı kedi” (Qırmızı pişik -red) qoymuşam. Türkiyədə böyük bir nəşriyyat evi var, mən həmin nəşriyyatla əməkdaşlıq etmək istəyirəm. Amma pandemiyaya görə hələlik iş-güc qurmamışam. Türkiyədəki nəşriyyat evinin 7 şəhərində böyük kitabxana servisləri var. Düzdür, burdakı kitabxana balacadı, amma əsas odur ki, adamın ürəyi böyük olsun. Kitabxananın qarşısında sarmaşan qızıl gül əkmişəm. Elə həmin gülün kölgəsində Nuru paşanın portretini və Azərbaycan bayrağını qoymuşduq. Buna “təkadamlıq aksiya” da demək olar. 15 sentyabr Bakının işğaldan azad olunduğu gündür. Belə bir təşəbbüs göstərdim ki, həmin gün Nuru paşanın portretini kitabxananın qarşısına qoyum. Çox adam gəlməsə də, heç olmasa 5-10 nəfər görüb, maraqlansın”. 

Şair qeyd edib ki, qaldığı həyət Yeni Yasalamalda Şuşa qaçqınlarının yaşadığı yerdir:



“15 sentyabr həm də məktəb günü olduğuna görə, istədim ki, şagirdlər dərsə gedəndə böyük portret diqqətlərini cəlb etsin və maraqlansınlar ki, bu kimin şəklidir. Maraqlananlar oldu təbii ki. Orada kitab sərgisi də təşkil etmişdim. Oljas Süleymanovdan tərcümə etdiyim kitabları, Elxan Zalla birgə tərcümə etdiyimiz “Tanrının təbəssümü” kitabını qoymuşdum. Mənə hədiyyə edilən kitabları da sərgiləmişdim. Qənirə Paşayevanın şeirlər kitabı, Anarın “Qırmızı qoç, qara qoç” kitabı, o cümlədən  professor Əkbər Bayramov, Bəxtiyar Əliyevin “Hüquq psixologiyası” adı sanballı bir kitabını da qoymuşdum. Bu kitabı qoymağımın səbəbini də açıqlayım. 7-8 il bundan öncə kitabxananı bir prokurorun sürücüsündən almışdım. Dostlardan xahiş etmişdi ki, gəlin, burada kitabınızın təqtimadını keçirək. Kitab satışı ilə məşğul olmuram, sadəcə maraqlananlara hədiyyə edirəm. Düzdür, o vaxt heç kim səsimə səs vermədi. Amma 4-5 il öncə tələbə yoldaşım, millət vəkili Bəxtiyar Əliyev gəldi və onun kitabının təqdimatını burada keçirtdik”.  

A.Əhmədgil 15 sentyabrla bağlı təşkil etdiyi aksiyada tanınmışlardan kimlərin iştirak etdiyini də söylədi:
“Aksiyanı karantin dövrünə uyğun təşkil etmişdim. Əslində, istəsəm, bura 200 adam yığardım. Lakin ehtiyac görmədim. 5-10 dost-tanışın iştirakı daha məqbul idi. Şair dostlarım - Elxan Zal və Yusif Nəğməkar, “Ədalət” qəzetindən, gənc yazar Eminquey Akif, “Xalq” qəzetindən, Əməkdar jurnalistimiz Tahir müəllim və bir də burada yaşayan qaçqınlar iştirak etdilər. Yaxınlıqda çayxana var, orada əyləşib çay içdik, söhbət etdik. Mənim üçün önəmli olan odur ki, camaat heç olmasa kitab üzü gördü. İndiki zamanda heç kim heç kəsin kitabını oxumur. Yusif Nəğməkar və gənc yazar Akif Eminquey öz kitablarını mənə hədiyyə etdilər. Məqsədimiz Bakını, Azərbaycanı xilas etmiş Nuru paşa və qəhrəman əsgərlərinin xatirəsini yad etmək idi. Qafqaz İslam Ordusunun Bakını azad etməsi çox önəmli hadisədir”.