Aramızda koronaviruslu xəstələr var

Bizi də Gürcüstandakı vəziyyət gözləyir

Evdə müalicə almaq yaşlı adamlar üçün çox risklidir

Son günlər Gürcüstanda COVID-19 virusuna yoluxma halları rekord sayda artıb. Koronavirusun yayılma riskinin yüksək olması ilə əlaqədar Gürcüstanda pandemiya ilə mübarizə tədbirləri sərtləşdirilib.  Hökumət aparatının rəhbəri Natiya Mezvrişvili keçirilən brifinqdə bildirib ki, bu cür qərarın verilməsinə səbəb çətin epidemioloji vəziyyətdir. COVİD-19-a yoluxmuş insanların  müalicəsi bu gündən, mehmanxanadan karantin zonasına çevrilmiş  Tbilisi, Batumi və Kutaisi mehmanxanalarında  başlanılıb. Yüngül simptomlu xəstələrin Batumi xəstəxanasından mehmanxanaya köçürülməsinə başlanılıb. Həmçinin pandemiya ilə əlaqədar olaraq Türkiyədə də vəziyyət gərginləşib. Bəs, ölkəmizdə də bu hal gözlənilirmi?

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim Fidan İmaməliyeva ölkəmizdə də pandemiya ilə əlaqədar olaraq vəziyyətin gərginləşəcəyini bildirib. Onun sözlərinə görə, qonşu ölkələrdə olduğu kimi, bizdə də bu durum qaçılmazdır:

"Koronaviruslu xəstələr indi də aramızda var. Sadəcə olaraq, onlar xəstəxanaya getmirlər. Evdə müalicə olunmağa çalışırlar. Ona görə də dəqiq statistika aparmaq mümkün deyil. Amma evdə müalicə almaq yaşlı, habelə, digər xəstəliyi olan cavanlar üçün uyğunsuzdur. Çünki sonradan ağırlaşma prosesləri ola bilər. Nəticədə onlar ağırlaşmış formada xəstəxanaya düşəcəklər. Bu zaman onların həyatını xilas etmək mümkün olmayacaq.

Düşünürəm ki, bizdə yoluxma sayı baxımından vəziyyət çox pis gərginləşəcək".