Təhsil ən güclü vasitədir

Bu sahədə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır


2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib. I-IV siniflər tədris ilinə əyani və distant, V-XI siniflər isə distant formada başlayıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Bu gündən distant formada tədrisə başlayan ali, orta ixtisas və peşə təhsili müəssisələrində də əyani formada təhsil bərpa olunanadək distant şəkildə tədris davam etdirilir.

"Bilik Günü" münasibətilə bəzi millət vəkilləri öz sosial media şəbəkələrində paylaşımlar edərək şagirdləri, tələbələri, müəllimləri və valideynləri təbrik ediblər.

Mövcud pandemiya ilə əlaqədar olaraq şagird və tələbələrin mərhələli şəkildə dərslərə başlayacağını vurğulayan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, bu gün məktəb həyatına qədəm qoyan birincilər üçün xüsusilə əlamətdar, sevincli bir gündür:

"Bu gün insanların arzularına, xəyallarına çatmasına, gələcəyə dair planlarını gerçəkləşdirmələrinə zəmin yaradan bir həyat yolunun başlanğıcıdır.

Ancaq təəssüf ki, hazırda minlərlə məcburi köçkün statuslu şagirdlərimiz, tələbələrimiz təhsil həyatlarını öz doğma yurdlarından kənarda davam etdirirlər. Amma şagirdlərimiz, tələbələrimiz unutmamalıdır ki, torpaqlarımızın azad edilməsində, eləcə də ölkəmizin regional və qlobal səviyyədə daha da üst mövqeyə çatmasında təhsil ən güclü vasitədir. Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin inkişafının təminatıdır. Odur ki, əziz şagirdlər, tələbələr və valideynlər, hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir və bu məsuliyyətli həyat yolunda uğurlar arzu edirəm".

Millət vəkili Nigar Arpadarai də balasını məktəbə göndərənlər sırasında olduğunu deyib:

"Mən də balamı məktəbə göndərdim. Buna çox sevinirəm. Yaxın bir zamanda əvvəlki həyat tərzinə qayıtmağa ümidliyəm. Amma başa düşürəm ki, bu hələ də asan deyil və bizdən səbr, anlayış tələb edir.

Gələcəyə nikbin baxmaq lazımdır. Bütün valideynlərə, müəllimlərə, balalarımıza can sağlığı, uğurlar arzu edirəm. Yeni tədris ilinin başlanğıcı münasibətilə təbrik edirəm!".

Cəmiyyətin inkişafı və yüksək səviyyədə formalaşması üçün savadlı və əxlaqlı insanların yetişməsində məktəbin böyük rol olduğunu vurğuluyan millət vəkili Könül Nurullayeva bildirib ki, məktəbin verdiyi keyfiyyətli təhsil nəticəsində həm cəmiyyət, həm də dövlətimiz güclənir:

"Çox sevindirici haldır ki, bu gün ölkəmizdə təhsil siyasəti uğurla davam etdirilir və təhsil sistemimiz həm milli-mənəvi dəyərlərimizə, həm də beynəlxalq təcrübəyə əsaslanaraq daha da güclənir. Bu işdə zəhməti və qayğısı böyük olan müəllimlərin rolu danılmazdır.

Bilik günü münasibətilə bütün müəllimləri, şagirdləri və onların valideynlərini təbrik edir, onlara cansağlığı və uğurlar arzu edirəm!".