Bu həqiqət bizə bəs etməlidir ! - “Daim ayıq-sayıq və tətikdə olaq”

 “Müharibə yalnız ön xətdə  deyil, informasiya cəbhəsində də aparılır”

“İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir”

“Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır”


Bir neçə gündür, cəbhə xəttindəki gərginlik şiddətlənib. Eyni zamanda mediada, o cümlədən sosial şəbəkələrdə də ciddi bir informasiya axını müşahidə olunur. Bir tərəfdən düşmən təxribat xarakterli məlumatlar yayır, dezinformasiyalar tirajlayır, digər tərəfdən isə biz ordumuza hərbi-vətənpərvərlik ruhumuzdan irəli gələn dəstəyimizi veririk. Amma bəzən məxfi məlumatları paylaşanlar da olur ki, bu da bilavasitə düşmənə kömək deməkdir. Deməli, əsgərlərimiz postlarda necə ayıq-sayıq, çevikdirlərsə, biz də arxa cəbhədə bir o qədər diqqətli olmalı, ehtiyatı əldən verməməliyik. Çünki “İnformasiya müharibəsi dedikləri” məhz budur. 

 BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu “Sheg.az”a açıqlamasında bildirib ki, davam edən informasiya müharibəsində müsəlləh əsgər olmaq hər bir vətəndaşın məsuliyyətidir:

“21-ci əsrdə savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü – “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Adətən, sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə çox geniş olur.

Təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir, tətbiq edilir. Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durumuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə etsək, o zaman mənzərə tam aydın olur.

Əsasən düşmən ölkə, eləcə də bölgədə, ölkəmizdə marağı olan dövlətlərin xüsusi xidmət orqanlarının “süzgəcindən” keçmişlərin vasitəsi ilə aparılan bu informasiya müharibəsinin konturları bir çox məqamlarda bizə bəllidir. Lakin bu əsla o demək deyil ki, biz arxayın olmalı və ya bu məqamlara ciddi əhəmiyyət verməməliyik. Torpaqlarımız işğal olunub, biz müharibə vəziyyətindəyik. Sadəcə bu həqiqət hər birimizə bəs etməlidir ki, daim ayıq, necə deyərlər tətikdə olaq”.

V. Zifəroğlu yayılan dezinformasiyaların məqsədini izah edib: “Unutmaq olmaz: düşmən  məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə əsla əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayaraq, cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordusuna olan inamını sarsıtmağa çalışır. Müharibə yalnız ön xətdə  deyil, informasiya cəbhəsində də aparılır. Və inanın, ikinci birincidən daha təhlükəli, və miqyasına görə daha genişdir. Halbuki ən azı döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bir azərbaycanlı olaraq hər birimizin üzərinə mühüm vəzifə düşür. Və bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. 

Düşmənlərimiz-  yalnız ermənilər deyil- müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik”. 

Dekan, həmçinin belə şəraitlərdə nəcə davranmaq lazım olduğu barədə də danışıb: 

“Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur. İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır.

Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “fake” səhifələri və profilləri var.

Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik. Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq.

Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz həmin prinsiplərdən çıxış etməliyik.

Elə isə, nə etməli? Birincisi, yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı, paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir.

İkincisi, mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik. Həmçinin heç bir halda cəbhə xəttindən cəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa nişan verəcək vizual görüntüləri yaymamalıyıq.

Çəkən və paylaşanlardan dərhal bu görüntüləri silmələrini tələb etməliyik. Sosial mediada hər hansı fikir bildirmək, əsla bizi cəmiyyətimiz qarşısında daşıdığımız sosial məsuliyyət hissindən azad etmədiyini də nəzərə almalıyıq.

Unutmayaq, biz arxa cəbhəyik! Və arxa cəbhədə olan düzən (!), bizim öndə düşmənlə üz-üzə dayanaraq qanı və canı bahasına savaşan əsgərimizə də öz təsirini göstərir”.