Ərazi bütövlüyü prinsipial məsələdir

Qonşu ölkələr, beynəlxalq ekspertlər Azərbaycanın əks hücumlarına haqq qazandırır


“Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik. Döyüş meydanında və diplomatiya masasında Azərbaycanın yanındayıq”. Bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Azərbaycanın erməni işğalçılarına qarşı apardığı uğurlu döyüş əməliyatlarını şərh edən türkiyəli nazir vurğulayıb ki, bu münaqişənin tək bir həll yolu var: “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu olmadığı təqdirdə problem həll edilməyəcək”.

“Dağlıq Qarabağ Türkiyə üçün Kipr qədər, hətta ondan da əhəmiyyətlidir”

Türkiyəli politoloq, millət vəkili Adil Aşırım da deyib ki, regionda öz mənfəətini güdən dövlətlər Türkiyənin Azərbaycan və Qafqaz regionu ilə olan bütün əlaqələrini kəsmək üçün təxribatçı Ermənistanın terror hücumlarından istifadə edirlər. Aşırımın sözlərinə görə, Dağlıq Qarabağ Türkiyə üçün Kipr qədər, hətta ondan da əhəmiyyətlidir: “Çünki Kipr Aralıq dənizi əhatəsində Türkiyə üçün strateji  bir obyektdirsə, Qarabağ Türkiyənin Anadoluda əbədi mövcudluğunun qarantıdır”. Türkiyəli politoloq qeyd edib ki, ermənilərin haqsız hücumlarının qarşısı alınmazsa, bu, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də ağır nəticələnə bilər: “Ermənistan keçmişdə Azərbaycanın tarixi torpağı olan İrəvanı, Zəngəzuru ələ keçirdiyi kimi bu gün Qarabağ, sabah Türkiyənin şərqini tutmaq iddiasından əl çəkməyəcək və terror hücumlarını davam etdirəcək. Odur ki, biz qan qardaşlarımızın yanındayıq. Azərbaycana  haqlı mübarizəsində qalibiyyət arzu edirəm”.

“Dağlıq Qarabağ məsələsində mövqeyimiz ərazi bütövlüyü prinsipinə əsaslanır”

Gürcüstanın müxalif “Vahid Milli Hərəkət” partiyasının liderlərindən olan deputat Salome Samadaşvili isə vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində mövqeləri ərazi bütövlüyü prinsipinə əsaslanır. Gürcüstan üçün ərazi bütövlüyü prinsipi toxunulmazdır: “Dağlıq Qarabağ məsələsinə münasibətimiz işğal olunmuş ərazilərimizə münasibətdə olduğu kimi, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə əsaslanır. Bu belə olub və belə qalacaq”. 

“Azərbaycanın müharibə etməkdən başqa çarəsi yoxdur”

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq sədri Salman Xudadadi deyib ki, Qarabağ Azərbaycanın ayrılmaz bölgəsidir. Onun sözlərinə görə, bu gün beynəlxalq qurumlar Azərbaycan müsəlmanlarının axıdılan hər damla qanına görə məsuliyyət daşıyır: “Çünki onların səhlənkarlığı və tənbəlliyinin nəticəsidir ki, məsələ bu yerə gəlib çatıb. Əgər bu qurumlar vaxtında Azərbaycanın haqq olan mövqeyini dəstəkləsəydilər. Qarabağ problemi öz həllini tapmışdı və bu gün qan tökülməsinin şahidi olmazdıq. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların hamısı həmişə Azərbaycan Respublikasını dəstəkləyib. Xalqım həmişə Azərbaycan xalqını dəstəklədiyini göstərib və onlar üçün can yandırıb”. O qeyd edib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün müharibə etməkdən başqa çarəsi yoxdur: “Nə üçün Naxçıvan Muxtar Respublikasının əhalisi öz ölkələri ilə quru yolu ilə əlaqə qura bilməsin? Bu məsələ təkcə Azərbaycan və Ermənistanın problemi deyil, bəlkə də bütün bölgə ölkələrinin problemidir. Hamı bilir ki, Ermənistan Qarabağı işğal edib. Biz ümid edirik ki, tezliklə bu məsələ öz həllini tapacaq və Qarabağ öz sahibinə, yəni Azərbaycana qayıdacaq”.

“Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır”

Rusiyalı tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, beynəlxalq hüquq və mövcud reallıqlar nöqteyi-nəzərindən Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır: “Müharibə sonsuz davam edə bilər. Mövcud reallığı qəbul etmək lazımdır.

Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayonu “Kazan formulu”na görə Azərbaycanın nəzarətinə qaytarılmalı idi. Azərbaycan isə bunun qarşılığında iqtisadi-ticarət əlaqələrini bərpa edirdi. Dağlıq Qarabağın statusu isə daha sonraya saxlanılırdı. Bu, sülhün real formuludur”. O, münaqişənin ədalətli həlli olmadan sülhün olmasının mümkünsüzlüyünü qeyd edib: “Başa düşmək lazımdır ki, heç bir atəşkəs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olmadan hökm sürməyəcək”.

“Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib. Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir: “Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”.

“Paşinyanın qalib gəlmək gözləntisi yoxdur”

Gürcüstanlı politoloq Tengiz Txilava deyib ki, Azərbaycan Ermənistandan qat-qat güclüdür. Onun sözlərinə görə, regionda destabilizasiya yaratmağa yönəlmiş belə bir addım atarkən Ermənistan rəhbərliyinin qalibiyyət ümidi və gözləntisi olmayıb: “Təəssüf ki, qonşu Ermənistan bir daha Azərbaycana qarşı destabilizasiyanın təşəbbüskarı oldu. Artıq buna destabilizasiya da demək olmur, faktiki olaraq artıq müharibə başlayıb. Bunun səbəbini tapmaq üçün hər şeydən əvvəl Ermənistanın indiki vəziyyətinə nəzər salmalıyıq. Aydın görünür ki, ölkənin istər daxili və xarici siyasəti, istərsə iqtisadiyyatı Rusiyadan asılıdır və bu ölkədən idarə olunur. Hərbi cəhətdən də Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də düşünürəm ki, bu vəziyyətdə olan bir dövlət hər hansısa bir addım atmadan öncə mütləq bir şəkildə Rusiyaya xəbərdarlıq edib”. 
 

“Kreml Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva məsuliyyətli həmsədr olaraq Dağlıq Qarabağla bağlı ölçülüb-biçilmiş mövqe tutmağa borcludur: “Kreml gələcək addımları müəyyən etmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir. Biz təmas xəttində baş verənlər haqqında bütün informasiyaları toplayırıq. Ən diqqətli şəkildə xəbərləri izləyirik, vəziyyəti təhlil edirik və bu məlumatlardan ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla gələcək addımları müəyyən etmək, gələcək mövqeyimizi formalaşdırmaq üçün istifadə edirik”. 


ABŞ mediası: “Bir ailənin bütün üzvləri Ermənistan qüvvələri tərəfindən qətlə yetirilib”

ABŞ-nın müxtəlif media saytlarında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü haqqında məqalələr dərc olunub. Vurğulanıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini bir daha pozaraq mülki əhalinin məskunlaşdığı yerləri, həmçinin təmas xətti boyunca Azərbaycan Ordusunu kütləvi artilleriya atəşinə tutub. Azərbaycan kəndlərinin bombalanması nəticəsində bir sıra mülki şəxs həlak olub, bir çoxu yaralanıb. Yaşayış yerlərinə və mülki infrastruktura ciddi ziyan dəyib”.