Əsgər xalqın baş tacıdır

Qəhrəman hərbçilərimiz o məktubları boş vaxtlarında oxuyacaqlar

Bir var əsgər yalnız öz ailəsi ilə, doğmaları ilə əlaqə saxlayır, bir də var ölkənin müxtəlif bölgələrindən şəxsən tanımadıqları insanlar onlara ürək sözlərini yazır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC vətəndaşları xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirməyə çağırır.

Azərbaycanın yeganə milli poçt operatoru “Azərpoçt” Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsi çərçivəsində məktub yazmaq ənənəsinə sadiq qalaraq öz hisslərini kağız üzərinə köçürməyi və ordumuza ismarlamağı tövsiyə edir. Nazirlikdən Trend-ə bildirilib ki, əsas məqsəd Azərbaycan vətəndaşının onu qələbə xəbərləri ilə sevindirən əsgərinə, ordusuna ehtiram və diqqətini kağıza köçürüb igid əsgərlərimizə çatdırmaqdır.

Vətəndaşlar “Azərpoçt” MMC-nin bütün respublika üzrə poçt şöbələrinə və “Şəbəkə” xidmət mərkəzlərinə yaxınlaşaraq əsgərlərimizə məktub göndərə bilərlər.

Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.
Bir daha vurğulamalıyıq ki, Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını alaraq əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərimiz azad olunub. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.

“Əsgərə məktub” layihəsi uğurlu hesab edilə bilərmi? Hazırkı “ağıllı telefonlar” əsrində, bir andaca xəbər göndərib xəbər aldığımız, görüntülü söhbətləşib, səs atdığımız androidlər, smartfonlar - “İPOHE”-lar dönəmində kiminsə məktub yazmaq və kiminsə də o məktubu oxumaq həvəsinin olacağı inandırıcı görünmür. Bəlkə əsgərlər üçün məktub tamamilə başqa  özəllik daşıyır? 

Sosioloq Əhməd Qəşəmoğlunun “Azərpoçt”un “Əsgərə məktub” layihəsinə münasibəti müsbət oldu. Sosioloq hesab edir ki, nə qədər smartfon, sosial şəbəkə, internet imkanları olsa da məktub bütün dövrlər üçün gərəklidir: 

- Təsəvvür edin ki, 50, 100, hətta 200 əvvəl, eramızdan əvvəl yazılmış bir məktub əlimizə keçir. Onun məzmunu, orada nədən danışıldığı maraqsız ola bilərmi? Məktublar yazıldığı zamanın güzgüsü timsalındadı. Deyə bilərsiz ki, indi məktub yazan kimdi? Telefonla anındaca istədiyin şəxslə danışa bilirsən, görüntülü bağlantı yaradırsan, hər cür internet imkanları var. Bunlar doğrudur. Amma məktubların özəl xüsusiyyəti odur ki, məktubda insan öz hisslərini daha dəqiq, daha səmimi izah edə bilir. Məktub yazmağa hazırlaşan insan əlinə qələm aldıqda düşünür, fikirləşir, nəyi necə yazacağını, hisslərini hansı sözlərlə ifadə edəcəyini ölçüb-biçir.

Nəticədə ortaya insan duyğularını anladan gözəl bir əsər çıxır. Bir də bunu təsəvvür edək ki, o məktub bu gün cəbhədə düşmənə qələbə çalan, 28 ildir işğal altında qalmış yurd yerlərimizi işğaldan azad edən Azərbaycan əsgərinə yazılır. Təsəvvür edin, orada necə dəyərli fikirlər, səmimi hissləri ifadə edən sözlər, cümlələr olacaq.

O məktublar Azərbaycan xalqının ovqatını, əhval-ruhiyyəsini əks etdirəcək. Və o məktublar qorunub saxlanacağı təqdirdə, gələcək nəsillər bu gün ölkəmizdə baş verən hadisələrdən onlar vasitəsilə xəbər tutacaq. Azərbaycan xalqının öz əsgərini necə sevdiyini, əsgərə necə inam bəslədiyini və qələbə xəbərlərini gözlədiyini öyrənəcək. Bu bir salnamədir. İllər, əsrlər sonra insanlar biləcək ki, xalq öz əsgərinə nə yazıb.

Məncə, “Azərpoçt”un “Əsgərə məktub” layihəsi lazımlıdır, çox yaxşı, uğurlu layihədir. Əsgərlərimizə o məktubları oxutduracaqlar boş vaxtlarında. Bir var əsgər yalnız öz ailəsi ilə, doğmaları ilə əlaqə saxlayır, bir də var ölkənin müxtəlif bölgələrindən şəxsən tanımadıqları insanlar onlara ürək sözlərini yazır. Əsgər həmişə xalqın sevimlisidir. Amma əsgər Vətən torpağını qoruyursa, Vətən torpağını işğaldan azad edirsə, o əsgər xalqın baş tacıdır!

Ona görə də hesab edirəm ki, bu aksiyada iştirak etmək lazımdır. Artıq qərar verdim ki, mən də əsgərə məktub yazacam. O məktublar mütləq mühafizə olunmalı, arxiv sənədi və tarixin bir parçası kimi qorunmalıdır.