Dost, qardaş ölkələrin dəstəyini qiymətləndiririk, lakin... – Əks- effekt ! 

“...Bunu həlledici amil kimi göstərmək olmaz”

“Çünki Ermənistan Azərbaycanı kənardan dəstək alan ölkə kimi göstərməyə çalışır”

“Biz buna imkan verməməliyik. Əksinə, daxili resurslarımız, o cümlədən iqtisadi və hərbi-siyasi imkanlarımız sayəsində mübarizə apara bildiyimizi göstərməliyik”


On gündən artıqdır, davam edən Dağlıq Qarabağ müharibəsi ilə bağlı olaraq Türkiyə başda olmaqla, müxtəlif müsəlman dövlətlərinin dəstəyini hiss edirik. Pakistan və Əfqanıstan rəsmiləri də ayrı-ayrı vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dair bəyanatlar veriblər.
Bu günlərdə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zübair Mahmud Hayat Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanların daim həyatını itirdiyini bildirib.

O, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin davam edəcəyini və Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və artırılması imkanlarının müzakirə olunacağını vurğulayıb.

Oktyabrın 5-də isə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.Nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib. Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan İslam Respublikasının Milli Şurasının bəyanatlarına istinad edib.

Bu dövlətlərin Azərbaycana dəstəyini “Sherg.az”a qiymətləndirən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, konfiloktoloq Elşad Məmmədov bunun ikinci dərəcəli məqam olduğu qənaətindədir: 

“Adı çəkilən dövlətlərin Azərbaycana dəstəyi psixoloji nöqteyi-nəzərdən, əlbəttə, çox əhəmiyyətlidir. Bizim münasibətlərimiz həmişə yaxşı olub. Bu həssas yanaşmaya görə onlara minnətdarıq.

Amma soyuqqanlı olmaq lazımdır. Siyasət praqmatik yanaşmanın mümkünlüyünü, bəzən də prioritetliyini tələb edir. Məsələyə bu prizmadan yanaşdıqda deməliyik ki, dəstək önəmli olsa da, emosiyaya qapılmaq olmaz. Çünki Ermənistan Azərbaycanı kənardan dəstək alan ölkə kimi göstərməyə çalışır.

Biz buna imkan verməməliyik. Əksinə, daxili resurslarımız, o cümlədən iqtisadi və hərbi-siyasi imkanlarımız sayəsində mübarizə apara bildiyimizi göstərməliyik.

Onsuz da onlar faktiki olaraq Azərbaycana heç bir-nə iqtisadi, nə hərbi, nə də siyasi dəstək vermirlər. Sadəcə ərazi bütövlüyümüzü dəstəklədiklərini deyirlər. Bu isə əks-effektlə nəticələnə bilər.

İkinci bir tərəfdən isə Avropa Birliyi ölkələri Azərbaycanı radikal güclərdən dəstək alan tərəf kimi göstərməyə çalışır. Əlbəttə, bu, bir tərəfdən erməni lobbisinin işidirsə, digər tərəfdən ölkələrdəki ikili standartların təzahürüdür.

Hər halda siyasi dəstəyin hərbi müstəviyə keçirilməsi fonunun yaranmaması və Azərbaycanın yalnız həmin dövlətlərlə eyni cərgəyə qoyulmaması üçün ehtiyatlı davranmalıyıq. Əks halda düşmən təbliğatına rəvac vermiş olarıq.

Azərbaycan öz ərazi bütövlüyü uğrunda savaşır və torpaqlarını işğalçılardan təmizləyir. Bunun üçün bizim heç kimin yardımına ehtiyacımız yoxdur. Təkrar edirəm, dəstəkləri qiymətləndiririk, lakin bunu həlledici amil kimi göstərmək olmaz”.