Yaxın zamanlarda düşmənə daha ağır zərbələr vurulacaq

Artıq atəşkəs yoxdur, Moskva anlaşması işləmir

Gəncənin vurulması ilə bağlı dəlil-sübutları toplamaq və beynəlxalq məhkəmələrə təqdim etməkdir. Bu işə əcnəbi ekspertləri, hüquqşünasları da cəlb etmək lazımdır


Moskvada imzalanan atəşkəs razılaşmasından bir sutka keçməmiş Gəncə şəhəri raket atəşinə tutuldu, 10 dinc sakin həyatını itirdi, 35 nəfər yaralandı. “Toçka-U” raketinin birbaşa Ermənistan ərazindən atıldığı təsdiqləndi. Azərbaycan hələ bir neçə il bundan əvvəl Gəncədən hərbi obyektlərini çıxarıb, bu şəhər sülhün və təhlükəsizliyin mərkəzi, həmçinin Qərbin enerji dəhlizi sayılır. O baxımdan Gəncənin raket zərbələrinə məruz qoyulması mütləq Avropa İttifaqının diqqətinə çatdırılmalı və Ermənistan siyasi rəhbərliyi hərbi tribunala verilməlidir. Gəncənin vurulmasından sonra cəmiyyətdə səslənən fikirlərdən biri də düşmənə adekvat cavab verilməsi, Ermənistandakı atəş nöqtələrinin dərhal vurulmasıdır. Hətta BMT-nin müvafiq maddəsinə görə, bu addımı atmağın hüquqi bazasının olduğu da deyilir. Lakin indiki məqamda Ermənistan ərazisinin vurulmasını yanlış hesab edənlər də var.

Təklifi düzgün saymayanların fikrincə, düşmənin təhriklərinə aldanmamaq və bütün hərbi gücü cəbhə bölgəsindəki əməliyyatlara cəlb etmək lazımdır. Ekspertlərə görə, məqsəd Azərbaycanı təxribata çəkərək birbaşa Ermənistanın vurulmasına və Rusiyanı açıq şəkildə prosesə qoşmağa nail olmaqdır. 

Hərbi ekspert Azad İsazadə “Şərq”ə bildirib ki, hərbi baxımdan raket atılan düşmənin start nöqtələrinə zərbə vurmaq mümkündür. Ancaq ekspert vurğulayıb ki, BMT-nin qətnamə və qərarları ən kritik vaxtlarda, daha ciddi problemlərlə rastlaşdığımız zamanda belə köməyimizə gəlməyib:

“Heç şübhə yoxdur ki, istənilən addımdan sonra yenə də beynəlxalq güclərin ikili standartları ilə qarşılaşacağıq. Yeganə çıxış yolumuz Gəncənin vurulması ilə bağlı dəlil-sübutları toplamaq və beynəlxalq məhkəmələrə təqdim etməkdir. Bu işə əcnəbi ekspertləri, hüquqşünasları da cəlb etmək lazımdır. Sübut etməliyik ki, raketlər birbaşa Ermənistan ərazisindən atılıb. Məsələn, Ukrayna uzun müddət sonra məhkəmə yolu ilə təsdiqlədi ki, onların təyyarəsi rus qırıcıları tərəfindən vurulub. Düzdür, bu, zaman etibarı ilə uzun çəkən prosesdir. Amma mövcud reallıqları nəzərə almalıyıq. Əks halda ermənilər həyasızcasına hay-küy salacaqlar ki, guya, heç bir əsas və sübut olmadan Azərbaycan Ermənistan ərazisinə raket atıb, mülki şəxsləri öldürüb və s”. 
Hərbi ekspert bəyan edib ki, cəbhədə erməni silahlılarına qarşı böyük zərbə vururuq və düşmən buna qarşı ən çirkin üsullara əl atır:

“Yaxın vaxtlarda düşmənə daha ağır zərbə vuracağıq. Artıq atəşkəs yoxdur, Moskva anlaşması işləmir. Düşməndən hər cür təxribatı gözləməliyik. Sabah raketləri qurtaranda başqa təxribatlara, terror aktlarına başlayacaqlar. Ona görə də mümkün qədər diqqətli, ethiyatlı olmalıyıq”.