Rus-erməni təbliğatına qarşı mübarizəni gücləndirməliyik

Haqq işimizi ört-basdır etməyə çalışan qüvvələrə qarşı səfərbər olmalıyıq

“Rusiya mediasına ciddi və nüfuzlu şəxslərimizin çıxmasını təmin etmək lazımdır”. Bu sözləri sosial şəbəkə profilində Türkiyədə fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva yazıb. Media nümayəndəsi vurğulayıb ki, rus dilini və regiondakı prosesləri mükəmməl bilən, sözü eşidilən, xüsusi çəkiyə malik ictimai-siyasi xadimləri Rusiya teleməkanına daşımaq və fikirlərini rus ictimaiyyətinə çatdırmaq zəruridir.

S.Nuriyeva statusunda məsləhət bildiyi bir neçə tanınmış şəxslərin adlarını da qeyd edib. Jurnalist hesab edir ki, Rusiya kanallarına Lalə Şövkət, Eldar Namazov, Gülər Mikayılqızı, İlyas İsmayılov, Rasim Musabəyov kimi adamlar çıxmalıdır. Onun fikrincə, bu işi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ağalarov kimi təsirli isimlər təşkil etməlidir:

“Rusiya ictimai rəyi bizim üçün çox önəmlidir. Ermənilərə təslim etmək olmaz”. 

İlyas İsmayılovun sədrlik etdiyi Ədalət Partiyasının təmsilçisi, sədrin siyasi məsələlər üzrə müavini, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü “Şərq”ə açıqlamasında bildirib ki, son hadisələr zəif yerlərimizi, boşluqların olduğu sahələri müəyyənləşdirmək baxımından bizim üçün çox faydalı oldu. Partiya funksionerinin sözlərinə görə, ən axsayan yerlərimizdən biri həm ölkə içində, həm də xaricdə informasiya-təbliğat işinin düzgün qurulmamasıdır:

“Birləşmiş rus-erməni təbliğat maşınına qarşı dura və gerçəkləri ən mötəbər tribunalardan çatdıra biləcək hazırlıqlı kadrlarımız çox azdır. Əlbəttə, rusların erməniləri müdafiəsi dövlət siyasətidir və onlar məqsədli şəkildə bizi aşağılamağa, haqq işimizi öz yalanları ilə ört-basdır etməyə çalışırlar.

Ancaq birləşmiş rus-erməni təbliğatına qarşı biz də Rusiyanın özündən daha çox, onun rəqib saydığı ölkələrdə, həmçinin ABŞ və Avropada, Yaxın Şərq ölkələrində, hətta Çin, Hindistan, Yaponiyada belə öz səsimizi çatdıra biləcək resurslara, mexanizmlərə, kadrlara sahib olmalıydıq. Yaxşı ki, qardaş Türkiyə informasiya-təbliğat işində bizə dəstəyini əsirgəmədi.

Yoxsa camaat çoxdan rus-erməni təbliğat maşınının qarşısında ruhdan düşmüşdü. Xalqımızda çox gözəl döyüş əzmi, mübarizə ovqatı formalaşıb və imkan vermək olmaz ki, düşmənin informasiya-təbliğat maşınının təsiri altına düşək.

Savaş hər yerdə, həm döyüş, həm də informasiya-təbliğat meydanında getməlidir. Bu işdə iqtidar və ya müxalifətdə durmasından asılı olmayaraq, bütün millətin potensialından yararlanmaq lazımdır”.