Gəncənin vurulması terror aktıdır

Xarici ekspertlər erməni vəhşiliyini ifşa etməkdən çəkinmədilər

Bu qanlı akt bir daha sübut edir ki, Ermənistan dövlət səviyyəsində terrorun himayəçisidir


Oktyabrın 11-də, gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməllərinə əl ataraq Azərbaycan xalqına qarşı dəhşətli və insanlıqdan uzaq cinayət törədib. Erməni quldurları təhlükəli “Toçka-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini raket atəşinə məruz qoyub. Nəticədə 10 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri Gəncə şəhərinə yollanıblar. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etmək olub. 

Prezident İlham Əliyev də oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Gəncəyə raket atılmasından danışıb. Dövlət başçısı bildirib ki, bütün cəbhəboyu istiqamətlərdə məğlubiyyətə uğrayan Ermənistan öz heyfini mülki şəxslərdən çıxır: “Bu, onların xislətidir. Xocalı soyqırımını törədənlər Gəncəyə hücum təşkil edib. Gəncəyə raket hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib”. 

Gözlənildiyi kimi təcavüzkar Ermənistanın öz mahiyyətini göstərməsi çox çəkmədi. Düşmən Moskvaya qaçaraq yalvar-yaxar nail olduğu atəşkəs rejimini danışıqlardan dərhal sonra kobud şəkildə pozdu. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən də xəbər verir. Dünya tarixinə yazılacaq bu qanlı akt bir daha sübut edir ki, Ermənistan dövlət səviyyəsində terrorun himayəçisidir. 

Beləliklə Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə əldə etdiyi “humanitar atəşkəs” razılaşması erməni qatillərinin Gəncəni raket atəşinə tutması ilə faktiki olaraq ləğv olundu. Moskva danışıqlarının ermənilərin Gəncəyə atdığı raketlə cəfəng bir bəhanə olduğu ortaya çıxdı. Təbii ki, müharibənin dayandırılması və atəşkəs rejimi ilə bağlı sənədin imzalanması aparıcı dövlət olan Rusiya və onun liderlərinin birbaşa qarantiyası əsasında baş tutduğundan bu anlaşmanın pozulması həm də Rusiyanın imicinə çox böyük zərbədir. Əfsuslar olsun ki, qorxunc olaydan sonra ATƏT-in həmsədr dövlətləri – Rusiya, ABŞ və Fransa başda olmaqla bir çox beynəlxalq təşkilatlar susmaqda davam edir. Bu, həmin dövlətlərin ikili standartlar və beynəlxalq terrorizmi təbliğ edən Ermənistana himayədarlıq etmələrinin bariz göstəricisidir. 

Lakin haqqın yanında olmaqdan, erməni vəhşiliyini ifşa etməkdən çəkinməyən xarici ekspertlər də var. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hesab edir ki, günahsız mülki vətəndaşların bombalanması müharibə cinayətidir. Onun sözlərinə görə, Gəncə və digər ərazilərin bombalanması hər kəs tərəfindən birmənalı şəkildə qınanmalıdır. 

İsrailli ekspert Mixail Finkel də açıqca bəyan edib ki, Gəncə şəhərinin raketlə vurulması terror aktıdır. Siyasi şərhçinin sözlərinə görə, Cenevrə Konvensiyasının qəbul edildiyi və imzalandığı 1949-cu ildən bəri dünyanın bütün sivil ölkələri mülki şəxslərin həyatını təhlükəyə atmamaq öhdəliyini götürüblər: “İnsanların gecə saatlarında evlərində dinc şəkildə yatdığı bir vaxtda onlara qəsdən və məqsədyönlü zərbələrin endirilməsi terrorizmin bir növüdür və beynəlxalq humanitar hüquq baxımından belə bir əmr verən, bu əmri icra edən hər kəs terrorçudur. Bu hərəkət dünyanın bütün mədəni ölkələri tərəfindən qınanmalı və şübhəsiz ki, bu zərbənin arxasında dayananların hamısının məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi hüquqi instansiyalara müraciət edilməlidir”. 

Millət vəkili Anar Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, beynəlxalq hüququn, dünya ictimaiyyətinin susqunluğu fonunda Azərbaycan Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var:

“Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur. Azərbaycanın son 30 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də təcavüzkarı şirnikləndirən həmsədrlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, “demokratiya çətiri” altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında referanslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsiz yanaşma kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki, BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər. 
Təcavüzkar Ermənistan təxribatçı əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutur. Ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirirlər. Humanitar atəşkəsin əldə olunmasından sonra işğalçı tərəfin Gəncə şəhərini raket atəşinə tutması İrəvanın təcavüzkar siyasətindən əl çəkmədiyinin bariz göstəricisidir. Erməni tərəfi bununla danışıqlar prosesində iştirak etmək iqtidarında olmadığını göstərmiş oldu”. 

Millət vəkili Cavid Osmanov da vurğulayıb ki, Ermənistanın gecə yarısı Gəncədə mülki əhalini raket atəşinə tutması açıq terror əməlidir və Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır:

“Ermənistan bir daha özünün çirkin, vandalizm əməlini həyata keçirməklə danışıqlar və sülh prosesinə olan münasibətini ortaya qoydu. Ermənistan Azərbaycan tərəfindən verilən son şansı düzgün qiymətləndirmədi. “Humanitar atəşkəs”in arxasında gizlənərək məkirli əməllərini reallaşdırdı. Əgər Ermənistan təxribatlarını davam etdirərsə, Azərbaycan ordusu düşmənin cavabını layiqincə verəcək. Heç kimin bundan şübhəsi olmasın”.