Xalqımızın arzusu, tələbi dəyişməyib


Şərtlərimizə əməl olunmasa əməliyyatlar davam edəcək

“Humanitar atəşkəs razılaşması faktiki baş tutmadı. Elə razılaşmadan 1-2 saat sonra erməni qüvvələri  ordumuz tərəfindən azad edilmiş əraziləri geri qaytarmaq üçün əks hücuma keçdilər”.

Bu sözləri “Şərq”ə AĞ Partiya sədri Tural Abbaslı deyib. Partiya rəhbəri bildirib ki, düşmənin təxribatına baxmayaraq, ordumuz erməniləri iti qovan kimi qovub:



“Ermənilər cəbhədəki ağır məğlubiyyətin qisasını mülki əhalidən almaq niyyəti ilə Gəncəyə raket ataraq terror hücumu həyata keçirdi. 10 mülki şəxs həlak oldu, yüzlərlə insan, qadın, uşaq yaralandı.

Bu təxribat sübut edir ki, erməni terrorçuları ilə danışıqlarla nəyəsə nail olmaq mümkün deyil. Ancaq, təbiidir ki, Rusiya regiondakı forpostunu qorumaq məcburiyyətində idi. Moskva həm erməni əhalisinə, həm də dünyaya regionda hələ də söz sahibi olduqlarını göstərmək istəyirdi.

Odur ki, Azərbaycan və Ermənistan arasında qısamüddətli “humanitar atəşkəs” razılaşmasının baştutmasına nail oldu. Düşünürəm ki, bu məsələdə Azərbaycan tərəfi də Rusiyanı tamamilə bizə qarşı çevirməmək üçün kiçik güzəşt etdi və “humanitar atəşkəsə” razılaşdı”. 

T.Abbaslı düşünür ki, əgər, ermənilər ərazilərimizi tərk etməyə başlamasa, hərbi əməliyyatları davam etdirmək lazımdır:

“Bu bizim legitim hüququmuzdur və bunu kimsə qadağan edə bilməz. Həm də xalqımızın arzusu və ictimai tələbidir. Ərazilərimizin işğal altında qalmasına dözmək niyyətində deyilik. Azərbaycan xalqı müttəfiq ölkələrin mənəvi və siyasi dəstəyi ilə öz ərazilərini erməni terrorçularından təmizləmək fikrindədir. Axıra qədər getməli və son qarış torpağımız azad olunana qədər hərbi əməliyyatları davam etdirməliyik. Ya Qarabağ, ya ölüm, başqa yolu yox, artıq”.