Bu, əlifba qədər sadədir !- “Dost ölkələrin mallarını alaq” – Düşmənə boykot ! 

“Düşmən ölkələrin məhsullarını boykot edərək onların iqtisadiyatına təsir göstərməliyik”


Məlum olduğu kimi, Türkiyə hökuməti öz ölkəsində Fransa mallarına boykot qoyub. Bu addımdan sonra Azərbaycanda qardaş ölkə məhsulları ilə bağlı xüsusi güzəştlər nəzərdə tutulmağa başlandı. Kredit müddətləri artdı, qiymətlər ucuzlaşdı. Yəni Türkiyənin jesti qarşılıqsız qalmadı. İndi vətəndaşlarımız Türkiyə mallarını daha ürəklə, həvəslə ala bilərlər. Artıq bəzi iri mağazalar şəbəkəsi kombi aparatlarından tutmuş digər məişət əşyalarına qədər qiymətlərdə endirim və ya güzəştlər tətbiq edirlər.    

İqtisadçı-ekspert Nazim Bəydəmirli bu barədə “Sherg.az”a danışıb. O, təşəbbüsü yüksək qiymətləndirdiyini deyib: 

“İlk növbədə onu bildirim ki, müasir müharibə həm də iqtisadiyyatda gedir. Yəni bir ölkə mallarına boykot qərarı verilməsi həmin dövlətə müharibə elan edilməsi deməkdir. Əvvəlcə, Fransa Türkiyə mallarına boykot qoydu.

Rəsmi Ankara da öz növbəsində buna adekvat cavab verdi. Və təbii ki, cəmiyyət həmin addımı müsbət qarşıladı.

Bizim sözügedən təşəbbüsümüz də təqdirəlayiqdir. Təəssüf ki, Azərbaycanda indiyədək Türkiyə mallarına 15 faizlik gömrük rüsumu ilə yanaşı, həm də ƏDV tətbiq edilirdi.

Amma Ermənistanın havadarı Rusiya məhsullarına gömrük rüsumu qoyulmur. Biz vətən müharibəsi aparırıq. Əlbəttə, xüsusilə indiki məqamda dost ölkələrin mallarını alaraq, düşmənlərimizinkini isə boykot edərək onların iqtisadiyatına təsir göstərməliyik. Bu, əlifba qədər sadədir”.