"Bundan sonra  qarşıda görüləcək bir xeyli işlər var" - Hüquqşunas     

"Bu günə qədər bir çox azərbaycanlıların mülkləri ermənilər tərəfindən yandırılıb"


“Çox təəssüflər olsun ki, bu günə kimi Azərbaycanın işğal olunmuş ərazilərdə vətəndaşların mülkiyyət hüquqlarının məhv edilməsi ilə bağlı hər hansısa bir beynəlxalq təşkilatlardan fikirlər səsləndirilməyib. Münaqişə başlanandan sonra da ermənilər uzun mənzilli və kaset tipli raketlərdən istifadə edərək, bütövlükdə humanitar hüququn pozulması istiqamətində geniş addımlar atıb. Ancaq beynəlxalq təşkilatlar buna da səssiz qalırdılar. Nəhayət ki, Amnesty İnternational Bərdə şəhərinə gələrək orada müəyyən tətqiqatlar apardılar. Nəticədə məlum oldu ki, Ermənistan tərəfindən kasetli bombalar istifadə olunub. Daha sonra "Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib".

Bu sözləri  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşunas Əliməmməd Nuriyev deyib. O vurğulayıb ki, kasetli bombalar qadağan edilmiş silahlar siyahısındadır:



"Onlar kütləvi qırğın yaradır və hüquqa görə belə silahlar qadağan edilib. Bütün hallarda da bu silahdan istifadə edən tərəf məsuliyyətə cəlb olunmalıdır. Çünki bu, müharibə qaydalarının pozulmasıdır və bu cür silahdan istifadə etmək bütün qanunların pozulması deməkdir”.

Ə. Nuriyev qeyd edib ki, "Amnesty International" və "Human Rights Watch"-un qərarı həm də yeni bir imkan yaradacaq ki, Azərbaycan beynəxalq hüquq müdafiə təşkilatları ilə əlaqərini yeni və keyfiyyətli formada qursun:

“Bundan sonra da qarşıda görüləcək bir xeyli işlər var. Belə ki bu günə qədər bir çox azərbaycanlıların mülkləri ermənilər tərəfindən yandırılıb. Orada ekoloji tərəfdən mülkiyyətə böyük ziyanlar vurulub. Şübhəsiz ki, bunların hamısının hesablanması və qeydə alınması məsələsi var. Hesab edirəm ki, beynəlxaq təşkilatlar bu məsələdə də rəsmi münasibət bilirə bilərlər və bu istiqamətdə əməkdaşlığımız mümkündür. Bizim öz qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətimiz və dövlət orqanları da yaxından əməkdaşlıq üçün bu istiqamət işlərin görülməsi arzu olunandır”.