Müharibədir, şəhidlərimiz də, yaralılarımız da olacaq

"Oğluma demişəm, sən qalib ordunun əsgəri kimi qayıtmalısan"


Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığı 27 sentyabr tarixindən bu günədək xalq–ordu birliyinin sarsılmaz olduğu göz önündədir. İllərdir qələbə həsrəti ilə yaşayan Azərbaycan xalqı bu gün hər şey qələbə üçün meyarını əsas tutur. Hər sahədə orduya və əsgərlərə dəstək ifadə olunur. Məlumdur ki, bir müddət öncə vətəndaşlarımız könüllü qanvermə aksiyalarına qoşuldular. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və şöbə redaktoru Elçin Məmmədli könüllü qanvermə aksiyasında iştirak etdilər.

Bu haqda sosial şəbəkədə məlumat paylaşıldıqda, məlum oldu ki, Elçin müəllimin oğlu da hazırda cəbhədə, döyüşən əsgərlərlə bir sıradadır. Elçin müəllim özü isə 1992-93-cü illər Birinci Qarabağ savaşında döyüşüb.

Görəsən, o zamankı ordu ilə hazırkı ordumuzu fərqləndirən hansı cəhətlər var? Elçin müəllimin söhbətindən anladıq ki, qəhrəmanlıq, igidlik baxımından Azərbaycan oğulları eynidir. 28-30 il öncə necə rəşadətlə döyüşürdülərsə, indi də həmin ürək sahibləridir cəbhədə. Fərqlərsə, yalnız... Yaxşısı budu, qoy özü danışsın:  

- Xocalı faciəsindən sonra mən cəbhəyə yollandım. 32 yaşım vardı. Gənc idim. Qərar tutmurdum. Hamı kimi mən də qisas almaq arzusu ilə çırpınırdım. Sovet dönəmində hərbi xidməti Almaniyada keçmişdim, topçu batareyasında xidmət etmişdim. Hərbi Komissarlığa könüllü müraciət etdim. Bilirsiniz ki, o zamanlar hərbi mütəxəssislərə böyük ehtiyac vardı. Artilleriya briqadasında xidmətə başladım. İyun ayının sonları idi. Harami düzü istiqamətində döyüşlərdə iştirak edirdim. Müdafiə Nazirliyindən “bizə korrektirovka” - hədəfin yerini, ölçüləri bildirirdilər, biz də hədəfləri vururduq. Təvəzökarlıqdan kənar olsa da, bir hadisəni danışmaq istəyirəm. Ona görə yox ki, bunu mən etmişəm, sadəcə, həmin döyüşlərdə düşmənə necə itkilər yaşatdığımızı bildirmək istəyirəm. Bizə xəbər verildi ki, Xocavənd (Martuni) istiqamətində 1 erməni tankı irəliləyir. Onu vurmalıydım. Qərara gəldim ki, düşmən tankını yaylım atəşiylə vurum. Ehtiyat mərmilərimiz olduğu üçün belə hallara həmişə hazırlıqlı olurduq. Amma bir topla vursaydım və hədəfdən yayınsaydım, tank “qaçacaqdı”. Ona görə qərara aldım ki, yaylım atəşiylə vurum, çünki bu halda hədəf atəşdən yayına bilməyəcəkdi. Belə də etdim və böyük partlayış oldu. Sonra mənə ratsiya ilə xəbər verdilər ki, irəlidə böyük ərazidə güclü işıqlanma var, “Kamaz” avtomobili içi dolu erməni silahlıları ilə dayanıb, yaxın gələ bilmir. Bu dəfə mən “cəmləşmiş veyer” adlanan atəşlə həmin ərazini vurdum. Mərmilərin 4-ü də koordinatı verilmiş əraziyə düşdü. Sonra məlum oldu ki, atəşlə vurulan yerdə ermənilərin böyük bazası varmış. 3 top, 2 “Zil” maşını, 2 “PDM”, 3 “BTR” və 30-dək erməni silahlısı öldürülüb. Həmin gün axşam televiziyada bu haqda məlumat verilmişdi. 

1992-ci il avqust ayında Zəngilan, Qubadlı istiqamətlərində döyüşlərdə iştirak edirdim. Laçın dəhlizini qorumaq tapşırılmışdı və Güləbirddəki mövqeyimizdə dayanıb, Laçın dəhlizini qoruyurduq. Bizim əlisilahlı 4 ermənini tərkisilah edib əllərini əsgər kəməri ilə bir-birinə bağlayıb əsir götürən Məşədi Rəhim kimi oğullarımız olub.

Qubadlının igid oğlu, Milli Qəhrəman Əliyar Əliyevlə bir yerdə döyüşmüşəm. Belələrini çox sadalaya bilərəm. Sual olunur ki, belə döyüşürdüksə, niyə döyüşü uduzduq, ərazilərimiz işğal olundu? Bunun bir cavabı var – həm o zaman ölkəmiz müstəqilliyini yeni əldə etmişdi, nizami ordu hələ formalaşmamışdı. Həm də rəhbərlər səriştəsiz idi.

Vahid komandanlıq yox idi. Amma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə elə bir vahid komandanlıq formalaşıb ki, güclü nizam-intizam yaranıb. Hər şey göz önündədi, artıq sözə, izaha ehtiyac qalmayıb. Qarabağ cəbhəsində uğurlar qazanırıq. Bu qələbənin memarı İlham Əliyevdir. Sizə səmimi deyirəm, aviasiya raket zərbələri ilə hədəfləri necə dəqiqliyi ilə vurursa, cənab İlham Əliyev də siyasi müstəvidə düşmənə sarsıdıcı zərbələr vurur. Ordumuz döyüş meydanında, Prezident siyasi meydanda. Zərbələr birləşib böyük uğur yaradır.

- Oğlunuz da bu gün cəbhədədi? 

- Bəli. Tale belə gətirib, oğlum Tural bu gün hərbi xidmətdədir. O da topçudur. Keçmiş döyüşçü kimi ona məsləhətlərimi vermişəm, ən əsası isə oğluma demişəm, sən qalib ordunun əsgəri kimi qayıtmalısan. Müharibədir, şəhidlərimiz də olacaq, yaralılarımız da. Biz Vətən müharibəsi aparırıq. Oğullar Vətənə qurbandı. Amma əlbəttə, arzumuz budur ki, işğal altındakı torpaqlarımız tezliklə azad edilsin, müharibə qələbəmizlə bitsin. Bir misal çəkmək istəyirəm. Çanaqqala uğrunda döyüşlər gedən zaman bir ananın 4 oğlundan 3-ü şəhid olur. Ana Atatürkün yanına gəlir, deyir, olarmı 4-cü oğlum döyüşə getməsin?

Atatürk cavab verir ki, ana, sənin oğulların kimi oğulları dünyaya gətirəcək analar yenə olacaq, amma mənə elə bir ana göstər ki, Çanaqqaladan bir də doğsun! İndi vətən oğullarını səsləyir. Oğullar Vətən üçün doğulur. Oğlum şəhid olacaqsa, bu da alın yazısıdı. Biz istərdik oğullarımız qəhrəman olsun, qələbə çalsınlar. Bu gün ordumuz ən müasir silahlara sahibdir. Bir ay ərzində böyük uğurlara imza atdı. Xalqımızın döyüşkən olduğunu, bacarıqsız olmadığını göstərir. Birinci Qarabağ savaşında döyüşə-döyüşə geri çəkildik. Rəhbərliyin səriştəsizliyi ucbatından. Amma bugünkü döyüşlər göstərdi ki, lazım olanda döyüşə bilirik. 

- İndi olduğu kimi 1992-93-cü illərdə də qəhrəman oğullarımız dastan yazıb, döyüşü uduzsalar da.  

- Biz 1992-ci ilin oktyabrında Laçında döyüşəndə bir qrup jurnalist gəlmişdi, çəkilişlər aparırdılar. Təsəvvür edin, əyin-başınız yırtıq, silah çatışmır... Təəccüb edirdilər ki, siz necə döyüşürsünüz?! Çünki biz heç nəyi düşünmürdük, yalnız  Vətən üçün döyüşürdük. İndi isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə ABŞ generalları heyranlıqlarını ifadə edirlər. Azərbaycan Ordusunun döyüş taktikasını bəyənirlər. Bunlar təsdiq edir ki, ötən illər ərzində Cənab Prezident Silahlı Qüvvələrin təchizatına, silahlanmasına çox böyük önəm verib. Mən hər bir əsgərimizə qələbə arzulayıram. 90-cı illərdə bir material hazırlamışdım;  “Qar altından çıxan çiçəklər” adlı. Yazmışdım ki, müstəqilliyimiz hələ çox kövrəkdi. Onu qorumalıyıq. Bu gün isə arzu edirəm ki,  Şuşadan qələbə yaylım atəşlərinin atıldığını görək inşallah!