İlk dəfə ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Konstitusiya Günü... 

Prezident İlham Əliyevin son günlər sərgilədiyi duruş Qarabağ savaşının zirvə nöqtəsi oldu. Ali baş komandan 44 günlük zəfər yürüşündə bir an belə gözünü yummadı. Bir an da olsun proseslərdən diqqətini yayındırmadı. Ölkə başçısı  soyuq səngərlərdə vətən torpaqlarının bütünlüyü uğrunda canını fəda edən əsgərlərimizlə birgə nəfəs aldı. Azərbaycan torpaqları artıq bütündür, tamdır. Bütünlükdən söz düşmüşkən, bu gün 12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyamız qəbul edilib. O zaman Azərbaycan pərən-pərən idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir çatı altında toplamaq üçün gecəli-gündüzlü çalışmaqdaydı.

Kifayət qədər çətin dövr idi. Aclıq bir yandan, qaçqın və köçkün dərdi o biri yandan, Azərbaycanda bölücülüyü körükləyib bizi darmadağın etmək istəyənlər də digər yandan. Ulu Öndər bütün bunları yığıb-yığışdırmaq, milləti bir bütün halına gətirmək üçün çalışırdı. Ona görə də vətəndaşlarımızı vahid ideya altında birləşdirəcək qanuna ehtiyac vardı. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiya da bu məqsədə xidmət edirdi.



Konstitutsiyamızın qəbul edildiyi 25 illik şərəfli yolu “Sherg.az”a dəyərləndirən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyev Ulu Öndərin atdığı təməllər üzərində möhtəşəm bir Azərbaycan yüksəltdi. İndi biz o illərin Azərbaycanı deyilik və qalib millətik:

“12 noyabr 2020-ci ildə Azərbaycan tarixdə ilk dəfə ərazi bütövlüyünün təmin edilməsi şəraitində Konstitusiya Gününü qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Artıq vətən torpaqlarının bir parçası işğal altında deyil. Torpağımızın tamamı bizimdir. Bəzi bürokratiya məsələləri qalıb, onlar da yaxın günlərdə həll ediləcək. Düşmən Azərbaycan torpaqlarını öz sahibinə qaytarmağa məcbur olub”.

Ə.Nuriyev qeyd edib ki, artıq ali qanunlarımız ölkənin bütün ərazisində istisnasız qüvvədədir:

“Bütün bunlar cənab Prezident sayəsində mümkün oldu. O, sadəcə bir dövlət başçısı yox, hərbi dühası yüz illər bundan sonra da araşdırma mövzusu olacaq ən uğurlu Ali baş komandandır. İlk dəfə ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Konstitusiya Günümüz mübarək olsun!”.