Ermənistana təzminat davası açılmalıdır

"Azərbaycan təmkinlə, səbrlə Ermənistanın tarixi, mədəni abidələrimizə vurduğu ziyanı hesablamalıdır"

"Azərbaycan belə olan şəraitdə Ermənistandan qarşılıq olaraq torpaq tələb etməlidir. Məsələn, Zəngəzuru"

Azərbaycanın çox sayda mədəni irs nümunələri Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində vaxtilə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən ümumilikdə 4,6 milyon kitabdan ibarət fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, mədəniyyət klubları və evləri, 85 musiqi və yaradıcılıq məktəbi mövcud olub.

Bundan başqa, işğal olunmuş ərazilərdə 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd teatr, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsindən əvvəl dövlət tərəfindən qeydiyyata alınmış 700-dən çox tarixi və mədəni abidə, o cümlədən Cəbrayıl bölgəsində 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər bölgəsində Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunda Xaçın Türbətli (XIV əsr) abidəsi, dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan Füzuli bölgəsindəki Azıx mağarası, Şuşa Dövlət
Tarix-Memarlıq Qoruğu yerləşirdi. Bu abidələrin bir çoxu ermənilər tərəfindən talan və məhv edilib. Bəs Ermənistanın Azərbaycana qarşı təzminat ödənişini necə tələb etmək olar?

Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə bitməsi çox böyük tarixi hadisədir. A.Həsrət qeyd edib ki, ancaq təəssüf ki, işğaldan azad edilmiş ərazilərimizdə daş-daş üstündə qalmayıb:

"Düşmənlərimizdən geri alınmış ərazilərimizdə nəinki tarixi abidələrimiz, adi tikililər belə bir çox kəndlərimizdə məhv edilib. Hətta Cənab Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib ki, Füzuli şəhərində bayraq sancmağa əsgərlərimiz salamat bir bina belə tapa bilməyiblər. Burdan da aydın olur ki, işğalçı Ermənistan Azərbaycana milyardlarla dollar məbləğində ziyan vurub. Təbii ki, o ziyanın içində mədəniyyət və dini abidələrimizə vurulan ziyan daha önəmlidir. Çünki evi yenidən tikmək olar, amma  abidələri bərpa etmək, onu əvvəlki halına gətirmək bir çox hallarda mümkün olmur. Özəlliklə də tarixi abidələri. Bir abidə uçuldusa, onun tarixiliyini geri gətirmək qeyri-mümkündür. Ona görə də Azərbaycan təmkinlə, səbrlə Ermənistanın tarixi, mədəni abidələrimizə vurduğu ziyanı hesablamalıdır. Bundan sonra da beynəlxalq vasitələrdən istifadə edərək, Ermənistana təzminat davası açmalıdır. Bildiyimiz kimi, Ermənistan kasıb ölkədir. Əlbəttə ki, təzminat ödəməkdə problem çıxa bilər. Azərbaycan belə olan şəraitdə Ermənistandan qarşılıq olaraq torpaq tələb etməlidir. Məsələn, Zəngəzuru.  Amma əlbəttə ki, bu məsələyə beynəlxalq vasitəçilər də cəlb ediləcək". 

Ekspert bildirib ki, bu proses BMT-nin Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurası komissiyası tərəfindən həyata keçirilməlidir:

"Komissiya altı tələb kateqoriyası üzrə təzminat ödənilməsini tənzimləyir. BMT-nin Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, 1991-ci ildə, İraqın 1990-1991-ci illərdə Küveytə qanunsuz işğalı nəticəsində təzminat ödənməsini təmin etmək məqsədilə qurulub. Komissiya tərəfindən 2,7 milyon iddiaya qarşılıq bu günə qədər 350 milyard dollar təzminatın ödənilməsi təmin olunub.  2020-ci il sentyabrın 27-dən başlayaraq artıq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsi sahəsində hazırda bir çox işlər görülür.

Yəqin ki, tez bir zamanda Ermənistanın bu məsələyə cavab verməsi beynəlxalq vasitəçilər tərəfindən təmin ediləcək".