"Mənim bir kasıb, qaçqın bacım var..."

Cahangir Məmmədli: "Ona dedim ki, sənin evini qardaşın tikəcək"

"Çatan kimi birinci onun evini hazırlayacam. Heç kimdən kömək gözləməyəcəm"

Böyük şair Səməd Vurğun məşhur şeirində  deyir:
 “ Axşamüstü qoy uzaqdan, havalansın Xanın səsi,
Qarabğın şikəstəsi...”

Necə doğmadır bu misralar, hər birimiz əzbərdən, ürəkdən bilirik. Fəqət 28 ildir Xan əminin ruhu  nigaran idi.  Axı onun səsini ucaldacağımız Qarabağ düşmən tapdağında, yağı əlində  qalmışdı. 
Sentyabrın 27-də  rəşadətli ordumuz bu qara yazını dəyişdi. Torpaqlarımızı qarış-qarış işğaldan azad etdi. Hələ noyabrın 8-i eşitdiyimiz Şuşanın qurtuluş xəbəri bütün nisgilli qəlblərin göz yaşını sildi. Başı dumanlı, yaralı Şuşamız azadlığına qovuşdu. 

Necə sevindik, necə güldük. O hissləri bir ifadə edə bilsək kaş. Şuşanın müjdəsindən sonra, “Düşmən təslim oldu, qələbə bizimdir” şüarları ilə dünyaya səs saldıq. Doğrudan da zəfər çaldıq, Qarabağımızı işğaldan azad etdik. 

Hələ ki Şuşadan danışaq.  9 noyabrda Müdafiə Nazirliyi Şuşadan ilk görüntüləri paylaşdı. Təkrar-təkrar izlədik.  Məşhur Şuşa qalasına, Gövhər ağa məscidinə, bu bənzərsiz şəhərin küçələrinə doya-doya baxdıq. İlahi, elə bil yuxudur. Hələ 6 ay bundan öncə “Şuşanın işğalından 28 il ötür” deyib göz yaşı axıdırdıq. İndi isə sevincdən kövrəlirik. 

Ardınca əsgərlərimizin, igidlərimizin Şuşadan videoları, şəkilləri sosial şəbəkələri bəzədi. Əvvəlcə  Şuşa məscidini təmizlədilər, sonra namaz qıldılar. İllər sonra minarəsindən azan sədaları yüksəldi. Gör neçə ruhun üzü güldü... 

Həmin videolara baxıb  sevincdən ağlayan şuşalılar, öz evlərini görənlər isə bir başqa aləmdir. 

İndi bütün məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günün intizarındadır. Biz də onların özlərindən eşidir, səslərindəki həsrəti, torpaq qubarını duyuruq. 

Elə tanınmış jurnalist, Bakı Dövlət Universitetinin  professoru  Cahangir Məmmədlinin səsindəki nisgil kimi... Cahangir müəllim deyir ki, dərdi çəkən bilər. Düz buyurur. Bizim də əlimizdən dərdinizə şərik olmaq gəlir.  Professor həm də işğaldan azad olunmuş torpaqlarımızdan gələn videolara, fotolara fərəhlənərək baxdığını söyləyib: “Bəlkə də bu gün Azərbaycan xalqının içərisində elə bir adam tapmaq mümkün deyil ki, həmin görüntüləri görüb duyğulanmasın.  Heç kim inciməsin, lakin dərdi çəkən onu daha çox duyur.

Mən  dərdi çəkənlərdən biriyəm.  Kəndim 30 ildir erməni tapdağı altında idi.  Ağdam sözünü eşidəndə elə bilirəm dünyanı mənə verirlər. Balalarım, nəvələrim Bakıda böyüyüblər. Onlara Ağdam,  Qarabağ ləhçəsindən uzaq olmağı qadağan etdim. Dedim ki, Qarabağ ləhçəsində danışmalısınız.

O torpaqlara, yerlərə baxıram, gözümün qabağına dünənki Qarabağ gəlir. Yaxın zamanda o vaxt qoyub gəldiyimiz Qarabağa gedəcəyik. Prezidentimiz tez-tez təkrar  edir ki, Azərbaycan dövləti həmin torpaqları bərpa etmək gücündədir. Vurğulayır ki, yeni yaşayış yerləri salınacaq.

Oralar əvvəlkindən də gözəl, yaraşıqlı, geniş olacaq. Biz o cür evlərə qayıdacağıq. Mənim bir kasıb, qaçqın bacım var. Ona dedim ki, sənin evini qardaşın tikəcək. Çatan kimi birinci onun evini hazırlayacam.

Heç kimdən kömək gözləməyəcəm. Bir sözlə, bu duyğularla yaşayırıq. Nəvələrimin, balalarımın dünyada  Ağdama getməkdən başqa arzusu yoxdur. 

Laçından tutmuş Ağdama qədər elə bölgə yoxdur ki, ordan dostum, tanışım olmasın.  Onların hamısı o yerlərə qayıdıb, rahat evində olmaq  arzusu ilə yaşayır. Bəzən deyirlər məcburi köçkünlər torpaqlarına qayıtmayacaq.

Elə şey yoxdur. Hələ özümün tanıdığım qaçqınlar içərisində bir nəfər də  yoxdur ki, ora minalardan təmizlənən kimi gedəcəm deməsin. Hamımız  gedəcəyik. O yerləri cənnətə döndərəcəyik.  Prezidentimizin sayəsində tezliklə Qarabağa qayıdacağıq.  Azərbaycan dövləti həmin torpaqları  gülüstan edəcək. Cənnətimiz mübarək olsun!”.