Krım məsələsi gündəmdən çıxmayıb

Ukrayna həmişə Türkiyə silahlarına maraq göstərib

“Türkiyə ilə Ukraynanın əvvəlki illərdə də hərbi əməkdaşlıqları olub. Ona görə də Ukraynanın Donetskdə TB2 SİHA hərbi avadanlıqlarını yerləşdirməsi gözlənilən idi”.



Bu fikirləri “Sherg.az”a beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin “Ukrayna separat rejimin işğalı altında olan Donetsk yaxınlarında 6 ədəd TB2 SİHA yerləşdirdi” sözlərinə münasibət bildirərkən siyasi analitik Turab Rzayev deyib.

Ekspert qeyd edib ki, Ukrayna indi olduğu kimi, əvvəllər də Türkiyə silahlarına maraq göstərib: “Vladimir Zelenski prezident seçiləndən sonra PUA-ların alışına dair Türkiyə ilə müqavilə imzaladı.

Hətta qarşılıqlı səfərlər oldu. Hərbi əməkdaşlıq  haqqında Ukrayna-Türkiyə müqaviləsinə əsasən, Türkiyə raketlərinin müəyyən hissəsi Ukraynada istehsal olunur. Ona görə də yenə Türkiyədən PUA-lar alacaqlarını deyirlər”. 

T.Rzayev tez bir zamanda Ukraynanın güclü bir müharibəyə başlayacağını düşünmür: “Ukrayna gözləyəcək ki, Bayden hakimiyyətə gəldikdən sonra hərəkət etsin.

Çünki Bayden hakimiyyəti anti-Rusiya siyasəti yürüdür və Rusiyanın dağılmasına, zəifləməsinə yönəlik siyasət aparır. Ukrayna qərbdən uyğun dəstəyi ala bilsə, antiterror əməliyyatlarına başlayacaq.

Bundan sonra da hərbi siyasi və strateji əməkdaşlıqda daha çox Türkiyə və Azərbaycanla əlaqələrini inkişaf etdirəcək. Müəyyən müddətdən sonra isə Krım məsələsini gündəmə gətirəcəklər. Ukrayna Krımın itkisi ilə heç vaxt barışan deyil”.