Kəlbəcərdən olan sənətkar: “İndi yurdumuza gülə-gülə qayıdırıq”

Günlərin də ab-havası, kefi, əhvalı var. Məsələn bu gün. Necə xoşbəxtdir, fərəhlidir. Sanki bir rahatlıq içərisindədir. 25 noyabrdan danışıram. Kəlbəcərin işğaldan azad edildiyi gündən. Minlərlə kəlbəcərlinin illərdir gözlədiyi tarixdən. Ona görə sevinclidir. Nəhayət mənfur düşmənlərimizə verdiyimiz 10 günlük əlavə vaxt sona çatdı. Hərbçilərimiz Kəlbəcər torpağına ayaq basdılar. Qədəmləri ilə torpağın üzündə güllər açdı.


Gözü yaşlı Kəlbəcərin insanları şaddır, ürəklidir. İstər 44 günlük müharibə müddətində, istərsə də daha sonra öz yurdlarının adlarını gözlədilər. Dedilər, görəsən nə vaxt o şad xəbər gələcək. Cənab prezdentin tivitlərində, çıxışlarında gözləri Kəlbəcərdən bir kənd axtarırdı.

Heç olmasa, bir soraq gəlsin deyə səbirsizlənirdilər. İndi nəinki bir və ya bir neçə kənd, bütöv Kəlbəcərin müjdəsini aldılar. Biz də həmişəki missiyamızı öz üzərimizə götürüb, telefona qaçdıq. Hər birini təbrik elədik. Ətrafımızda nə qədər kəlbəcərli varsa, hamısının sevincinə şərik olduq.

Kəlbəcərin azadlığına sevinənlərdən biri də tanınmış xanəndə, əməkdar artist Babək Nİftəliyevdir. 8 yaşından doğma yurdu - Kəlbəcərdən köçkün düşüb. Sözü özünə verdik. Dedik, Kəlbəcərdən danışın. O da əvvəlcə oxucularımızı salamladı:

“Xalqımız,ordumuz, Ali Baş Komandanımız var olsun. 30 illik həsrətə son qoyuldu. İndi bütov Azərbaycan sevinir. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə şəfa versin. Qazilərimizə  can sağlığı arzulayıram.

B.Niftəliyev doğma yurdundan da söz açıb:

“Kəlbəcərdən çıxanda 8 yaşım var idi, indi 35 yaşım var. Murovdağdan keçən köç karvanları gözümün qabağından getmir. Ağlaya-ağlaya yurdumuzu tərk edirdik. İndi gülə-gülə qayıdırıq. Şair Sücaətin bir şeiri yadımda düşür:

Sücaət, neyləyək baxt belə baxtdı,
Darıxma hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər.

Nə deyim? Sevincimizin həddi-hüdudu yoxdur. Rəşadətli ordumuza, cənab Prezidentə  təşəkkürümüzü bildiririk. Şəhidlərimizin qanı yerdə qalmadı, onlar bir tarix yazdı.

Onu da deyim ki, dünən Murovdaydım. Ordan bizim tanklarımız, hərbi kolonlarımız böyük ruh yüksəkliyi ilə Murov dağı aşıb, Kəlbəcərə endilər”.