Kəlbəcərdə bir güllə atılmadan qaytarıldı

Erməni daşnakları xəyallarında belə təsəvvür etməzdilər

Ermənilər evlərini ona görə yandırırlar ki, bir də ora qayıtmayacaqlar

Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycana qaytardı. BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 822 saylı qətnaməni qəbul etməsinə baxmayaraq, 27 ildən çox idi Ermənistan Kəlbəcəri işğal altında saxlayırdı. Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu qətnaməni öz gücünə icra etdi. Razılaşmaya əsasən Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı olsa da, Rusiya Prezidenti Vladmir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevdən xahişi nəticəsində rayonun geri qaytarılması 10 gün ertələnmişdi.

Lakin ötən müddət ərzində Kəlbəcər tamamilə boşaldıldı və Azərbaycan Ordusunun nəzarətinə keçdi. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Ərazidə qızıl və civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit və üzlük daş yataqları var. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Kəlbəcər rayonu ərazisində yerləşən "İstisu" mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. 

Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Torpaq örtüyünün əmələ gəlməsində relyef və iqlim mühüm rol oynayır, Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. 

Millət vəkili Şahin İsmayılov deyib ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonu olmaqla yanaşı, həm də olduqca çətin təbii relyefə malikdir. Deputatın sözlərinə görə, ərazisinin çox böyük hissəsi sərt dağlıq ərazilərdən ibarətdir:

“Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan digər ərazilərimiz kimi Kəlbəcərdə də böyük qəhrəmanlıq göstərərək bu rayonumuzu hərblə işğaldan azad edə bilərdi. Lakin bəyanata uyğun olaraq Kəlbəcər döyüşsüz, qan tökülmədən Azərbaycana qaytarıldı. Hadisələrin bu cür cərəyan etməsi bizim həm hərbi, həm də siyasi uğurumuzdur. Kəlbəcər qan tökülmədən öz tarixi sahiblərinə qovuşdu. Ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırıb çıxırdılar. Əgər bu, bir tərəfdən onların ənənəvi xislətini göstərirdisə, digər tərəfdən onlar çox yaxşı başa düşürdülər ki, bir də bu ərazilərə qayıtmayacaqlar. Çünki bu evlərin əsl sahibləri Azərbaycan xalqıdır. 1993-cü ildə Kəlbəcərdən çıxarılan sakinlərimizin əksəriyyəti hələ də tərk etdikləri evlərinin açarlarını özlərində saxlayırlar. Onlar bilirdilər ki, Kəlbəcərə mütləq qayıdacaqlar”.

Millət vəkili Nəsib Məhəməliyev də bildirib ki, Azərbaycanın hərbi-siyasi tarixinə daha bir qızıl səhifə yazıldı. Deputatın sözlərinə görə, erməni daşnakları xəyallarında belə təsəvvür etməzdilər ki, Qarabağ iqtisadiyyatının əsasını təşkil edən Kəlbəcərdən bir güllə belə atmadan çıxa bilərlər:

“Belə biabırçı hərbi-diplomatik məğlubiyyəti onlara yaşadan və beynəlxalq hüququn normalarına uyğun olaraq ədaləti bərpa edən Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevə eşq olsun. Bir məqamı da qeyd etməyi özümə borc bilirəm. 1993-cü ildə erməni daşnakları, terrorçu Monte Melkonyanın rəhbərliyi ilə kəlbəcərlilərin bölgəni tərk etməsi üçün cəmi 10 saat vaxt vermişdilər. Sonralar Qarabağda başı kəsilmiş bu qansız cəllad 1981-ci ildə Türkiyənin Romadakı səfirini qətlə yetirmiş, erməni diasporasının təzyiqləri nəticəsində azadlığa çıxmış və Livan ərazisində türklərə, yəhudilərə qarşı çoxsaylı qətllər törətmişdi. Ancaq bütün bu vəhşiliklərə rəğmən, Azərbaycan rəhbərliyi onlara bəyannamədə göstərilən müddətdən əlavə 10 sutka vaxt verdi. Rəmzi məna daşımaqla bərabər hər iki millətin insani keyfiyyətləri burada da özünü göstərir. Əlavə şərhə ehtiyac yoxdur. Bu gözəl gün münasibətilə xalqımızı, kəlbəcərliləri təbrik edirəm”.